2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır.
Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.
Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon ABŞ dolları və ya 42,9% çoxdur.
Hesabat ilində İrandan Azərbaycana isə 624,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 9 milyon ABŞ dolları və ya 1,4% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
trend.az