EN

Gənclər Gününə həsr olunan “GəncLAND” Festivalı baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı təşkil olunub.

Festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3 mindən çox gənc bir araya gələrək Gənclər Gününü birgə qeyd ediblər.
1 fevral tarixində Elektra Events Hall-da reallaşdırılan festival iştirakçılara yüksək enerjili və əyləncəli proqramı təqdim edib. Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən və gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai həyatındakı rolundan bəhs edib.

O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günü gəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gəncliyə verilən dəyəri nümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığı nailiyyətlər Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir.

Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları, gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, DJ şou, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyük marağına səbəb olub və gün boyu festival məkanında dinamik, yaradıcı və əyləncəli atmosfer müşahidə olunub.
Gənclərin pozitiv enerjisi ilə yadda qalan “GəncLAND” Gənclər Festivalı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər “GəncİNTELLEKT” ölkənin ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Chosen
1
5
editor.az

6Sources