EN

Cud Bellingem bir aylıq sıradan çıxdı – ARENA.AZ

İngiltərə milli komandasının və İspaniyanın “Real” klubunun hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı keçirəcəkləri pley-off oyunlarını buraxacaq.

Buna 22 yaşlı yarımmüdafiəçinin İspaniya La Liqasının 22-ci turunda “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnməsi səbəb olub. Tibbi müayinələrdən sonra ingiltərəli oyunçunun sol ayağındakı vətərdə zədə aşkarlanıb. Onun sağalması üçün bir ay vaxt lazımdır. Beləliklə, Bellingem fevralın 17-də və 25-də keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında meydana çıxmayacaq.

Bundan əlavə, yarımmüdafiəçi La Liqada “Valensiya” (8 fevral), “Real Sosyedad” (14 fevral) və “Osasuna”ya (22 fevral) qarşı görüşlərdə də komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem cari mövsümdə meydana çıxdığı 28 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 128 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
20
11
arena.az

10Sources