AZ

Kristiano Ronaldo “Əl-Nəsr”in oyununu buraxdı – Səbəb – ARENA.AZ

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətindən kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Ər-Riyad”la səfər matçının heyətinə daxil edilməyib. Ulduz futbolçunun komandası səfər görüşündə 1:0 hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu 40-cı dəqiqədə Joao Feliksin ötürməsindən sonra Sadio Mane vurub.

Ronaldonun bu oyunun heyətinə daxil edilməməsinin dəqiq səbəbi açıqlanmır. Amma daha öncə Portuqaliya mətbuatı futbolçunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır. Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.

“Əl-Nəsr” 20 turdan sonra 46 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə “Əl-Hilal” rəhbərlik edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 127 oyun, 111 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
37
11
arena.az

10Mənbələr