EN

Gürcüstan da Zəngəzur dəhlizinə qoşuldu...



ABŞ Konqresinin nümayəndə heyəti Tiflisdə hökumət təmsilçiləri və bir neçə müxalif siyasi partiyanın liderləri ilə görüşür. "Exo Kavkaza" nəşri yazır ki, məqsəd regiondakı durum, Gürcüstandakı proseslər barədə bilgi toplamaqdır.

"Girçi – Daha Çox Azadlıq" partiyasının lideri Zurab Caparidze görüşdən sonra jurnalistlərə deyib ki, müzakirə olunan məsələlər sırasında qəbul edilmiş bəzi yeni tənzimləmələr də olub. O, "Gürcü Arzusu"nun təşəbbüsü ilə irəli sürülən qanunvericilik dəyişikliklərini nəzərdə tutub. Bu addımların daha öncəki qanunlardan "yayınma" yollarını bağlamaq, "ölkəni inqilabdan qorumaq" məqsədi daşıdığı bildirilir. "Azadlıq Meydanı" hərəkatının liderlərindən Levan Tsutskiridzenin fikrincə, qanunvericilik dəyişiklikləri təşəbbüsü bilərəkdən ABŞ Konqresi nümayəndə heyətinin Gürcüstana səfəri ilə eyni vaxta salınıb. "Lelo – Güclü Gürcüstan" partiyasının liderlərindən biri Badri Caparidze isə ABŞ-nin Gürcüstana marağının artmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Gürcüstanın təhlükəsizliyi və gürcü xalqının rifahı üçün Gürcüstanla ABŞ arasında dayandırılmış tərəfdaşlıq sazişinin bərpası vacibdir. B.Caparidze "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) müzakirə olunduğunu, Gürcüstanın bu mühüm təşəbbüsdən kənarda qalmaması məsələsinin qaldırıldığını vurğulayıb.

Prezident Administrasiyasının sabiq rəhbəri və siyasi şərhçi professor Petre Mamradze bildirib ki, TRIPP, yaxud Zəngəzur dəhlizi region üçün strateji layihədir. O qeyd edib ki, layihə artıq reallaşmaq üzrədir və proses heç bir gecikmə olmadan davam edəcək. P.Mamradze vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları layihənin uğurla həyata keçiriləcəyinin tam zəmanətidir: "Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq və bu fəaliyyət hamının xeyrinə olacaq - həm Azərbaycanın, həm Ermənistanın, həm də Gürcüstanın". O əlavə edib ki, investisiyaların bu layihəyə yönəlməsi region üçün böyük əhəmiyyət kəsb edir: "Əminəm ki, investisiyalar olacaq və həcm kifayət qədər böyük ola bilər. Avropa İttifaqının resursları müxtəlif səbəblərdən məhduddur. Bununla bağlı Avropa ekspertləri açıq danışır və yazırlar. Ona görə də indiki investisiyalar, əsasən, Cənub və Şərqdən gəlir və çox əhəmiyyətli ola bilər. Gürcüstan hökumətinin də bu istiqamətə diqqət yetirməsi region üçün əlavə üstünlüklər yaradacaq. Zəngəzur dəhlizi, əlbəttə ki, investisiyalara layiq layihədir". Ermənistanın cənubundan keçəcək TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq.ABŞ təmsilçiləri Gürcüstan rəsmiləri ilə ikitərəfli münasibətləri müzakirə ediblər. ABŞ Gürcüstanla uzun illər davam edən strateji tərəfdaşlığı 2024-cü ilin noyabrında dayandırıb. Bu addım "xarici agentlər haqqında qanun", hakim "Gürcü Arzusu" nümayəndələrinin "yalan ittihamlara əsaslanan" antiqərb ritorikası ilə əsaslandırılıb. ABŞ dəfələrlə Gürcüstan hökumətini Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırıb.

Tahir TAĞIYEV

Chosen
27
50
baki-xeber.com

10Sources