EN

ABŞ-İran gərginliyi pik həddə: Rusiya gizli planını işə saldı – Kreml Tehranı tək buraxacaq?

ABŞ‑ın İrana qarşı hərbi müdaxilə ehtimalları gücləndiyi bir dövrdə Rusiya ilə İran arasındakı münasibətlər diqqət çəkir. Məlum olduğu kimi Rusiya və İran arasındakı əməkdaşlıq 2025‑ci ilin əvvəllərində imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq” müqaviləsi ilə yeni mərhələyə daxil olub. Bu sənəd iki dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da dərinləşdirdi. Lakin bir məqam var ki bu mövcud situasya çərçivəsində stratejikdir.

Bu müqavilə rəsmi hərbi dəstək öhdəliyi daşımır. Yəni Moskvanın Tehrana hərbi müdafiə təmin etməsi məcburi xarakter daşımır və bu, Rusiya strategiyasının əsas məhdudiyyətini təşkil edir. Moskva Tehranla əməkdaşlıqda maraqlı olsa da, bu əməkdaşlığı heç vaxt ittifaq kimi düşünməyib. Kremlin prioriteti yalnız bir ölkəni dəstəkləmək deyil, həm də regionda öz təsir dairəsini qoruyub saxlamaq və ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməkdir. Bu balans siyasəti Rusiya üçün xüsusilə vacibdir, çünki Moskvada İranla əməkdaşlığın dərinləşdirilməsini regional təhlükəsizliyin qorunması və qlobal güc mərkəzlərinin balanslaşdırılması kontekstində görürlər.

Moskva ilə Tehran arasındakı əməkdaşlığın bir başqa vacib tərəfi isə müasir hərbi‑texniki əlaqələrdir. Belə münasibətlər çərçivəsində İranın hava və raket müdafiə sistemlərinin modernləşdirilməsi, texnoloji transfer və bəzi birgə layihələr diqqət çəkir. Bu cür əməkdaşlıq İranın müdafiə qabiliyyətini müəyyən səviyyədə gücləndirir, amma bunun Rusiya tərəfindən tam miqyaslı hərbi dəstək kimi qiymətləndirilməsi düzgün olmazdı. Bu, daha çox Tehran üçün təhlükəsizlik infrastrukturu sahəsində qeyri‑formal dəstək xarakteri daşıyır.

Bu strategiya Rusiya üçün ikiqat fayda yaradır. Bir tərəfdən, Moskva Tehranla əməkdaşlığı genişləndirərək Qərbin təzyiqlərinə qarşı geosiyasi dayanma mövqeyini gücləndirir. Digər tərəfdən, Kremlin prioriteti regionda eskalasiyanın qarşısını almaqdır. Rusiya rəsmi səviyyədə bildirir ki, hərbi konfrontasiya regionun təhlükəsizlik strukturuna ağır ziyan vura bilər və Moskva belə dramatik addımları istəmir. Bu yanaşma, Rusiyanın özünün digər strateji maraqları Avropa təhlükəsizliyi, Cənubi Qafqazdakı vəziyyət və Orta Asiyada mövqeyini nəzərə alaraq daha geniş bir diplomat və balans siyasətinin tərkib hissəsidir.

Rusiya üçün əməkdaşlıq yalnız İranla məhdudlaşmır. Moskva Tehranla birlikdə qlobal çoxqütblü nizam ideyasını təşviq etməyə çalışır. Bu göstərici İran, Rusiya və Çin arasında artan geosiyasi yaxınlaşma ilə də aydın görünür. Bu üçlük Vaşinqtonun dominantlığını məhdudlaşdırmaq və dünya sistemində daha balanslı güc paylanmasını təmin etmək niyyətindədir.

Bütün bunlar göstərir ki, ABŞ‑ın İrana müdaxilə ehtimalları artdığı bir mühitdə Rusiya‑İran münasibətləri sadəcə formal tərəfdaşlıq deyil, həm də Qərb‑Rusiya rəqabətinin tərkib hissəsidir. Moskva Tehranla əməkdaşlıqdan imtina etmir, lakin bu əməkdaşlığın onu ABŞ ilə birbaşa hərbi qarşıdurmaya sürükləməsini istəmir.

Politoloq Turan Rzayev

 

 

Chosen
45
50
nocomment.az

10Sources