Elşən Manafov: “Əslində Səudiyyə İrandakı rejimin ABŞ tərəfindən vurulmasında maraqlı olmalıdır”
Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətləri ABŞ hökumətindən Tehrana zərbə endirməkdən çəkinməsini istəyib. Tramp ABŞ-ın İrana zərbə endirməyə hazır olmalı olduğu barədə xəbərdarlıq etməsindən sonra ölkələr Vaşinqtona müraciət ediblər.
Belə ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər nümayəndələri Ağ Evə bildiriblər ki, İran rejimini devirmək cəhdi neft bazarlarında iğtişaşlara səbəb olacaq və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcək. Səudiyyə Ərəbistanı rəsmiləri Tehrana mümkün münaqişədə iştirak etməyəcəklərinə və ABŞ-ın İrana zərbə endirmək üçün hava məkanından istifadə etməsinə icazə verməyəcəklərinə zəmanət veriblər.
Maraqlıdır, sözügedən bu dövlətlərin belə müraciətinin arxasında əslində nə dayanır? Axı bu dövlətlər hər zaman İranla rəqabətdə olan ölkələrdir. Bu, təkcə neftlə bağlı məsələ ilə əlaqədar deyil. Sanki ehtiyat edirlər ki, regionda başlayan proses bu ölkələri də vuracaq. Belə baxanda sözügedən ölkələr diplomatik kanallarla gizli formada da Trampa müraciət edə bilərdilər. O zaman Trampa belə açıq formada müraciətin arxasında nə gizlənir? Bunda maraq nədir? Hər halda bunun bir səbəbi var ki, belə açıq müraciətlə çıxış ediblər.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Səudiyyə Ərəbistanın Qətər və Omanla yanaşı ABŞ administrasiyasına İranla birbaşa hərbi əməliyyatlara getmək fikrindən daşınması ilə bağlı müraciəti adı çəkilən dövlətlərin, ilk növbədə rəsmi Ər Riyadın Tehranla məlum münasibətləri konteksində kifayət qədər düşündürücü bir məsələdir. İranda islam inqilabının qələbəsindən sonra Ər-Riyad və Tehran arasında münasibətlərin kəskinləşməsi İrandakı islami rejimin şiə inqilabının ideyalarını digər müsəlman ölkələrinə ixrac etməsi üçün həyata keçirdiyi siyasətlə bağlı olub. Bu amil əksər ərəb dövlətlərində olduğu kimi, Səudiyyə krallığının siyasi istibleşmentində də narazılıq doğurub. Bəllidir ki, rəsmi Tehran bu yolla özünün islam aləmində, ilk növbədə isə Yaxın və Orta Şərqdə nüfuz dairəsini genişləndirmək istəyir. Bəlli dövlətlərin qəbul edə biləcəkləri siyasi qərarlara təsir imkanlarını gücləndirmək istəyində olub. Bundan əlavə dünya bazarını neft və qazla təchiz edən dövlətlərdən biri olaraq da adı çəkilən dövlətlər rəqabət vəziyyətində olan dövlətlərdən idilər. Ustəlik, İranın münasib bildiyi vaxtlarda körfəz ölkələrinə, Səudiyyə daxil olmaqla Avropa bazarlarına neft çıxaran dövlətlərə regionun əsas nəqliyyat arteriyası olan İran körfəzini bağlaya biləcəyi ilə bağlı hədələri əlbəttə ki, nefti ixrac və idxal edən tərəfləri məmnun etmir. Onların rəsmi Tehranla münasibətlərinə mənfi təsir göstərirdi. Nəhayət, Səudiyyə və İran ABŞ-ın yeni dünya nizamı və onun Yaxın Şərqə vəd etdiyi geosiyasi düzənə də bir qayda olaraq fərqli rakurslardan yanaşıblar. Ər-Riyad ABŞ-la əməkdaşlığa üstünlük verdiyi halda, rəsmi Tehran ABŞ-ın bu layihəsinin Yaxın Şərqin təhlükəsizliyini təhdid etdiyini bildirərək bir qayda olaraq onu imperialist layihə kimi dəyərləndirib. Bütün bunlarla yanaşı, Səudiyyə və məlum ərəb dövlətlərinin İsraillə münasibətləri İranın Təl-Əvivlə münasibətlərindən forma deyil, məzmun və mahiyyət etibarı ilə də fərqlənib. Səudiyyənin və bir sıra ərəb ölkələrinin İsraillə diplomatik münasibətləri olmasa da, İrandan fərqli olaraq onlar İsraili yer üzündən dövlət olaraq silmək mövqeyindən çıxış etmirlər. Bu baxımdan İrana qarşı ABŞ və İsrail tərəfindən olan düşmənçiliyin gerçək səbəblərindən biri məhz İranın ifrat anti-İsrail ritorikasıdır. Bütün bunların konteksində sağlam məntiq baxımından yanaşıldıqda əslində Səudiyyə İrandakı rejimin ABŞ tərəfindən vurulmasında maraqlı olmalıdır. Xüsusən İranla hərbi əməliyyatların başlanacağı təqdirdə Nyu-York birjasında neftin qiymətlərinin kəskin yüksəlişi nəzərə alınarsa. Lakin, Səudiyyəni narahat edən digər məsələlər mövcuddur. Bunlar isə geopolitik, habelə Ər-Riyadın öz təhlükəsizliyi ilə bağlı amillərdir. Əvvəla, Səudiyyə bu halda islam dünyasında, Ərəb Dövlətlərinin Liqasında, nəhayət İslam Əməkdaşlıq Təşkilatında onun nüfuzuna dəyə biləcək ziyandan ehtiyat edir. İslam dünyasında xüsusi nüfuzu ilə seçilən İrana qarşı ABŞ-ı müharibəyə sövq etməsi digər islam ölkələrinə onu islami həmrəyliyinə qarşı çıxmaqda ittiham etməyə əsas verə bilər. Bu, isə bazarların itirilməsi deməkdir. Digər tərəfdən keçən il Çinin uzun sürən vasitəçiliyindən sonra Səudiyyə və İran arasında uzun zaman sürən düşmənçiliyə son qoyulacağı ilə bağlı tərəflər qarşılıqlı öhdəliklər götürüb. Hazırda Çinin İran ətrafında yaşanan hadisələrə münasibəti, o cümlədən, rəsmi Tehrana hər cur yardım etməyə hazır olması barədə məlum müraciətinin konteksində bəllidir ki, Ər-Riyad dünyanın 2-ci nəhəng iqtisadi gücü ilə münasibətlərə xələl gətirə biləcək addımlar atmaq istəməyib. Ər-Riyad regionda yaşananların Kremlin diqqət mərkəzində olmasının da fərqinə varır və anlayır ki, Moskvanın regiondakı əsas geosiyasi müttəfiqinə qarşı ABŞ-ı qarşıdurmaya getməyə dəvət etmək onun təhlükəsizlik maraqlarına cavab vermir. Nəhayət, ABŞ-ın Səudiyyə ərazisində hərbi bazaları var. Bunu Ər-Riyad nəzərə almaya bilməz. İranla hərbi qarşıdurmanın başlanacağı halda Səudiyyə ərazisi, onun enerji, yanacaq bazaları, infrastrukturu İranın ballistik raketlərinin, dronlarının hədəfinə gələcək. Bu baxımdan təhlükəsizliklə bağlı problemlər də Ər-Riyadı Vaşinqtona açıq şəkildə müraciət etməyə sövq edə bilər”.
Vidadi ORDAHALLI