EN

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola biləcəkmi? – ŞOK SSENARİ

Son günlər Rusiya–Ermənistan münasibətlərindəki kəskin xətt daha da dərinləşib. Ermənistanın Baş naziri Nikol Paşinyanın son illər apardığı açıq anti-Rusiya siyasəti, KTMT-dən uzaqlaşma cəhdləri, Qərbə inteqrasiya mesajları və Moskvanın regional təsir imkanlarını məhdudlaşdıran addımları Kreml tərəfindən ciddi narahatlıqla qarşılanır. Bu fondda Rusiya Ermənistanda mövcud hakimiyyəti dəyişmək və özünə loyal siyasi komandanı iqtidara gətirmək üçün aktiv fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədlinin sözlərinə görə, qarşıdan gələn parlament seçkiləri Rusiya üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq baxımından əsas fürsət kimi dəyərləndirilir. Lakin mövcud daxili siyasi vəziyyət və regional reallıqlar Moskvanın planlarının həyata keçməsini xeyli çətinləşdirir.

Samir Əsədli

Ekspert bildirir ki, seçkilər ərəfəsində Rusiya Paşinyan komandasına qarşı iki əsas istiqamətdə fəaliyyət göstərir:

“Birinci istiqamət siyasi müxalifətin təşkilatlandırılmasıdır.

Hazırda Ermənistan müxalifəti parçalanmış, ictimai dəstəyi zəif və təsir imkanları məhdud olan siyasi qüvvələrdən ibarətdir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla əlaqəli qruplar müxalifətin əsas dayağı hesab olunsa da, cəmiyyətin böyük hissəsi onları köhnə, korrupsiyalaşmış və iflasa uğramış sistemin siması kimi qəbul edir”.

Samir Əsədlinin fikrincə, Moskva bu boşluğu doldurmaq üçün Rusiyaya yaxınlığı ilə tanınan iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi xətti ön plana çıxarmağa çalışır.

“Həmin qüvvə müəyyən dairələrdə favorit kimi təqdim edilsə də, Karapetyanın hazırda həbsdə olması onun siyasi mübarizə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Ekspert qeyd edib ki, Rusiyanın Ermənistandakı digər mühüm təsir alətlərindən biri Erməni Apostol Kilsəsidir.

“Kilsə hələ də cəmiyyətdə ciddi nüfuza malikdir və Moskva bu təsirin zəifləməsini öz maraqlarına zidd hesab edir. Çünki kilsə Rusiyaya yaxın mövqedə qalmaqla Ermənistan daxilində balanslaşdırıcı, lazım gəldikdə isə təzyiq mexanizmi rolunu oynaya bilər”.

Bununla yanaşı, Samir Əsədli vurğulayıb ki, Azərbaycan və Türkiyənin regionda atdığı addımlar Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planlarını faktiki olaraq iflasa uğradır:

“Söhbət sülh prosesi çərçivəsində Ermənistan hökumətinə edilən siyasi jestlərdən gedir. Bu jestlər Paşinyanın daxili siyasi mövqeyini möhkəmləndirir və cəmiyyətə sabitlik mesajı verir”.

Ekspertin sözlərinə görə, bu addımlar Paşinyana dəstək məqsədi daşımır, əsas hədəf regionda dayanıqlı sülhün təmin olunmasıdır:

“Paşinyan hökuməti ilə sülh müqaviləsini imzalamaq mümkündür və bu prosesi sona çatdırmaq lazımdır. Rusiyaya bağlı fiqurun, o cümlədən Samvel Karapetyanın hakimiyyətə gəlməsi bu prosesi uzada və qeyri-müəyyənliyə sürükləyə bilər”, – deyə ekspert bildirib.

Samir Əsədlinin fikrincə, Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsi də Rusiyanın planlarının əleyhinə işləyir:

“Xalq Rusiyanı 44 günlük müharibə zamanı Ermənistanı faktiki olaraq tək buraxmaqda günahlandırır. Paşinyan hakimiyyəti bu narrativi gücləndirməklə yanaşı, sülhə doğru real addımlar atıldığını, sərhəddə nisbi sabitliyin təmin edildiyini və erməni əsgərlərinin ölmədiyini ictimaiyyətə göstərir”.

Siyasi ekspert hesab edir ki, mövcud ictimai rəy, regional geosiyasi proseslər və Paşinyan hökumətinin yaratdığı nisbi sabitlik fonunda Rusiyanın Ermənistanda həyata keçirmək istədiyi siyasi layihələr faktiki olaraq “ölü doğulmuş” vəziyyətdədir.

Chosen
47
42
nocomment.az

10Sources