EN

İranda üsyan var, köç yoxdur: pərdəarxası səbəblər AÇIQLANDI

Son aylarda İran İslam Respublikasında sosial-iqtisadi səbəblərlə baş qaldıran etiraz aksiyaları region ölkələrinin diqqət mərkəzindədir. Gərginliyin dərinləşəcəyi və etirazçıların sərt cəzalara məruz qalacağı ilə bağlı proqnozlar fonunda, İran vətəndaşlarının qonşu ölkələrə, o cümlədən Azərbaycana və Türkiyəyə kütləvi şəkildə üz tutacağı gözlənilirdi. Lakin proseslərin inkişafı bu ehtimalları doğrultmadı və regionda miqrasiya balansında ciddi dəyişiklik müşahidə olunmadı.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, cənub qonşumuzda baş verən etiraz aksiyalarından xeyli vaxt keçməsinə baxmayaraq, gözlənilən miqyaslı nəticələr ortaya çıxmayıb:

“Etirazlarda iştirak edənlərin sayı İran əhalisinin təxminən 5 faizini təşkil edir ki, bu da 85 milyondan çox əhalisi olan ölkə üçün kütləvi köçü şərtləndirən faktor hesab edilə bilməz. Eyni zamanda, İranın bütün bölgələri, xüsusilə də Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlər proseslərə aktiv şəkildə qoşulmayıb. İranda baş verən etirazlar daha çox sosial və iqtisadi xarakter daşıyır. Bu isə o deməkdir ki, ölkəni tərk etmək istəyən şəxslər üçün aksiyalar həlledici amil deyil və fərdi köç imkanları hər zaman mövcuddur”.

Ekspertin fikrincə, İranda təhlükəsizlik və nəzarət mexanizmlərinin sərtliyi də kütləvi miqrasiyanın qarşısını alan əsas faktorlardandır:

“Etirazlar fonunda ölkəni tərk etməyə cəhd edən şəxslərin sərhəddə saxlanılması, geri qaytarılması və hüquqi məsuliyyətə cəlb olunması riski yüksəkdir. Bu reallıq da insanların daha ehtiyatlı davranmasına səbəb olur. Bundan əlavə, etirazçılara beynəlxalq səviyyədə, xüsusilə də ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən verilən ümidverici açıqlamaların bir qismi cəmiyyət daxilində gözlənti yaradıb. Məhz bu gözləntilər də əhalinin ölkəni tərk etmək əvəzinə proseslərin daxildə dəyişəcəyinə ümid etməsinə gətirib çıxarıb.

Mövcud dinamika fonunda yaxın perspektivdə İrandan kütləvi köç dalğasının baş verməsi real görünmür və etiraz prosesləri tədricən səngimə mərhələsinə keçə bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
50
editor.az

10Sources