AZ

İranda gərginlik artır:

Dekabrın sonundan etibarən İranda milli valyuta – rialın kəskin dəyərdən düşməsi ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına səbəb olub. Valyutanın ucuzlaşması fonunda ərzaq və gündəlik tələbat mallarının qiymətləri sürətlə artıb, bu isə əhalinin sosial narazılığını daha da gücləndirib. Etirazlar əvvəlcə iqtisadi tələblərlə başlasa da, qısa müddətdə siyasi məzmun alaraq bir sıra şəhərlərə yayılıb. Aksiyaların dağıdılması zamanı ölənlərin və saxlanılanların olması vəziyyəti daha da gərginləşdirib. Hakimiyyət ölkədə üç günlük matəm elan edib. Bəs etirazlar dayanmasa, İranı hansı proseslər gözləyir?Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, hansısa bir etiraz dalğasının uğurunun əsas şərti onun davamlı olmasıdır. Artıq 16 gündür - dekabrın 28-dən başlayan etirazlar hələ də davam edir və artan xətt üzrə inkişaf edir. İran rejimini ciddi şəkildə narahat edən əsas məqam da məhz budur: "Bir tərəfdən qorxu yaratmaq cəhdləri, repressiyalar, insanların güllələnməsi və kütləvi həbslər həyata keçirilir, digər tərəfdən isə bütün bunların etirazların səngiməsinə gətirib çıxarmadığı açıq şəkildə görünür. Rejimi ən çox təşvişə salan da bu reallıqdır. Rejim anlamalıdır ki, illər ərzində insanlar küçələrdə asılıb, güllələnib və repressiyalara məruz qalıb. Artıq ölüm İran cəmiyyəti üçün adiləşib. İnsanlar nə həbsdən, nə də ölümdən qorxur. Etirazların davamlı xarakter alması isə İran rejimi daxilində ciddi parçalanmalara səbəb ola bilər. Lakin bu proses bütövlükdə İran cəmiyyəti və dövləti üçün də böyük təhlükələr vəd edir. Çünki baş verənlər yalnız İranda etiraz edən xalqın iradəsi ilə izah olunmur".Politoloqun sözlərinə görə, prosesdə geosiyasi maraqları olan, hadisələri tətikləyən və dolayısı ilə təxribatçı fəaliyyət göstərən xarici amilə də rast gəlinir:"Ancaq İran rejimi asanlıqla yıxılacaq bir sistem deyil. Xüsusilə də nəzərə alsaq ki, İran İnqilab Mühafizə Qüvvələri — Sepah hələ tam şəkildə küçələrə endirilməyib. Qarşıdurma daha da şiddətlənərsə, İranda qan su yerinə axa bilər. Bu təhlükə eyni zamanda Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə də ötürülən bir mesajdır. Belə bir ssenarinin reallaşması, üstəlik xarici hərbi müdaxilələrlə müşayiət olunması təkcə İranı deyil, bütün regionu ciddi şəkildə sarsıda bilər və genişmiqyaslı xaosa yol aça bilər".N.Miri qeyd edib ki, böyük silahlı qarşıdurma, vətəndaş müharibəsi və xarici müdaxilələr İranda ağır humanitar faciələr yaradacaq:"Bu faciə isə Azərbaycanı, Türkiyəni, Yaxın Şərq ərəb ölkələrini, hətta Avropanı da təsirləndirəcək. Kütləvi miqrasiya və köç dalğaları dünyanın qarşısına yeni humanitar böhran çıxara bilər. Məhz bu səbəbdən ABŞ-da hərbi əməliyyatlarla bağlı hələ də ciddi tərəddüdlər mövcuddur. ABŞ rəhbərliyi, İsrail rəhbərliyindən fərqli olaraq, hesab edir ki, mümkün xarici müdaxilə etiraz dalğasını səngidə və əksinə, cəmiyyəti yenidən rejim ətrafında birləşdirə bilər. Bu da real təhlükə kimi qiymətləndirilir. Odur ki, vəziyyət hələ də qeyri-müəyyəndir. Ancaq etirazların uzunmüddətli və fasiləsiz davam etməsi İranda ağır və dərin faciələrə yol aça bilər. Bu baxımdan İran rejimi dəyişiklikləri aşağıdan deyil, yuxarıdan — sistemli islahatlar yolu ilə həyata keçirməlidir. Müsbət sistem dəyişiklikləri cəmiyyətə ciddi bir mesaj verə, İranın dünyaya açılmasına, eyni zamanda İran cəmiyyətinin öz daxilində açılmasına şərait yarada bilər. Bu, xarici investisiyaların cəlb olunmasına, sanksiyaların tədricən aradan qaldırılmasına imkan yaradar və ölkə üçün inkişaf perspektivi vəd edər. Hazırda optimal çıxış yolu məhz bu variant kimi görünür. Lakin rejimin, Ayətullah Xameneinin və Sepahın bu dəyişikliklərə nə dərəcədə hazır olduğu hələ də sual altındadır".Ekspert İran prezidenti Məsud Pezeşkianın xalqa müraciət etməsinə də diqqət çəkib:"O, xalqın problemlərinin həlli üçün yollar axtardıqlarını, cəmiyyətlə dialoqa hazır olduqlarını bildirdi. Bu çıxış bir tərəfdən rejim daxilinə ünvanlanan mesajdır ki, sistemli dəyişikliklərə və sərt yanaşmaların yumşaldılmasına ehtiyac var, digər tərəfdən isə İrana təzyiq göstərən ABŞ-a verilən bir mesajdır. Təsadüfi deyil ki, Donald Tramp da İran hökumət nümayəndələrinin ABŞ-la danışıqlara hazır olduqları barədə mesajlar göndərdiklərini açıqlayıb. Əgər belə bir siqnal varsa, deməli, Ayətullah Xamenei və onu dəstəkləyən qüvvələr də bu prosesə müəyyən qədər razılıq veriblər. Çünki İran çox ağır və həlledici bir mərhələdən keçir, təhlükələr isə getdikcə artır. Bu səbəbdən qərbə və danışıqlara daha açıq mövqedə olan Məsud Pezeşkian hökumətinin ön plana çıxarılması ehtimalı güclənir. Rejimin real güzəştlərə və islahatlara nə qədər açıq olacağını gələcək göstərəcək. Əgər bu proses sadəcə siyasi manevrdən ibarət olarsa, bu, təkcə İran üçün deyil, bütün region üçün son dərəcə ağır və dağıdıcı nəticələrə gətirib çıxara bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
87
metbuat.az

1Mənbələr