Avropa Komissiyası Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən sərt qış şəraitindən əziyyət çəkən Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya 153 milyon avroluq təcili humanitar yardım ayrıldığını açıqlayıb.
Məlumatı “Anadolu” verib.
Avropa Komissiyasının yazılı açıqlamasında deyilir: “Təcili ehtiyaclara cavab olaraq, Ukraynaya humanitar yardım üçün 145 milyon avro, Ukraynadan qaçan qaçqınları qəbul edən Moldovada humanitar proqramlar üçün isə 8 milyon avro ayrılır”.
Böhranlara Hazırlıq, İdarəetmə və Bərabərlik üzrə Avropa Komissarı Aja Labib qeyd edib ki, genişmiqyaslı münaqişə beşinci ilinə qədəm qoyarkən milyonlarla ukraynalı soyuqda, elektrik və istiliksiz qalıb və hətta ən əsas yaşamaq vasitələrindən belə məhrumdur.
2022-ci ilin fevral ayından bəri Avropa Komissiyası Ukrayna və Moldovada humanitar proqramlar üçün 1,4 milyard avrodan çox, eləcə də Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün 3 milyard avro ayırıb.
Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri Aİ-nin Ukraynaya göstərdiyi ümumi dəstək 193,3 milyard avroya çatıb.
P.ƏMİRCANOV
XQ