EN

Sahibkarlar üçün rahat vergi mühiti yaradılır

Qanunvericilikdə edilən dəyişiklik sahibkarlığın inkişafına təkan verəcək

İstiqamət: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan iqtisadi müstəqillik əldə etdikdən sonra azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilir. Xüsusən bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq  Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir. Hazırda dövlət azad sahibkarlığın inkişafı məqsədilə vacib addımlar atmaqdadır. Cari ildən qüvvəyə minəcək Vergi Məsəlləsində dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər Məcəlləyə yeni anlayışların daxil edilməsini, eləcə də bir sıra digər mühüm yenilikləri əhatə edir. Dəyişikliklərin əsas məqsədi sahibkarlıq fəaliyyətinin təşviqi, vergi yükünün optimallaşdırılması və kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmlərinin gücləndirilməsidir.
Mühüm yeniliklərdən biri neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan fiziki şəxslər üçün gəlir vergisi üzrə mövcud azadolmaların ləğv edilməsi və yeni vergi dərəcələrinin tətbiq olunmasıdır. Dəyişikliklərin əhəmiyyətli hissəsi bir qayda olaraq biznes subyektlərinin vergi yükünün optimallaşdırılmasına, yəni əlverişli vergi mühitinin formalaşmasına xidmət edən istiqamətdə çıxış edir. Bu dəyişikliklər ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq formalaşdırılır.
İqtisaçı ekspertlərin qənaətinə görə, qanunvericilikdə edilən dəyişikliklər ölkədə sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Yeniliklər vergi inzibatçılığında sərtləşmə və ya vergi yükünün artması ilə nəticələnmədiyindən, bu dəyişikliklərin biznes mühitinə əlavə çətinlik yaratması gözlənilmir. Biznes subyektləri orta müddətli dövr üçün vergi siyasətindəki istiqamətləri məhz sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş prioritetlərə əsaslanaraq əvvəlcədən dəyərləndirə bilirlər. Strategiyada vergi yükünün azaldılması və daha əlverişli mühitin formalaşdırılması kimi hədəflər müəyyən olunduğu üçün, bu yanaşma biznes üçün maliyyə və investisiya əməliyyatlarının planlaşdırılmasında daha çox əminlik və imkan yaradır.
Dəyişikliklər konkret olaraq, sahibkarlar üçün daha rahat vergi mühiti yaradılmasını təmin edir. Təbii ki, burada məqsəd şəffaflığın artırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi və vergi administrasiyasının müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyi, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti ardıcıl şəkildə təkmilləşdirilir.
Cari ildən ölkədə "üfüqi monitorinq" mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğv edilməsi tətbiq olunur. Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir. Bu model vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin daha açıq, operativ və əməkdaşlıq əsaslı şəkildə qurulmasına imkan verəcək. Bundan başqa, "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın "AYNA" informasiya sistemi vasitəsilə elektron qaydada verilməsi planlaşdırılır. Bu dəyişiklik prosedurları daha sürətli və şəffaf edəcək, xidmət keyfiyyətini yüksəldəcək və vergi ödəyicilərinin məmnunluğunu artıracaq. Heç şübhəsiz ki, sadalanan yeniliklər azad sahibkarlığın inkişafına mühüm töhfə hesab edilir. 
Bu ildən həmçinin vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin (KOB) stimullaşdırılması istiqamətində bir sıra mühüm dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Burada əsas prioritet məhz sahibkarların vergi yükünün optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir. Həmçinin ictimai iaşə sektorunda nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə mühüm vergi üstünlükləri tətbiq olunacaq. Kənd təsərrüfatında istifadə olunan mineral gübrələrlə yanaşı, orqanomineral gübrələrin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Bu da aqrar sektor üçün xərclərin azalmasına və məhsuldarlığın artmasına şərait yaradacaq. Sadalanan yeniliklər deməyə əsas verir ki, dövlət azad sahibkarlığın inkişaı məqsədilə lazım olan bütün addımları atmaqda israrlıdır. 
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
49
olaylar.az

10Sources