AZ

Sahibkarlığın inkişafında əsas əngəl: Vergi yükü, yoxsa inzibati maneələr?

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi uzun illərdir dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim olunur. Son dövrlərdə bu istiqamətdə atılan addımlar, xüsusilə elektron xidmətlərin genişlənməsi və bəzi prosedurların sadələşdirilməsi müsbət qiymətləndirilsə də, sahibkarların gündəlik fəaliyyətində qarşılaşdığı problemlər hələ də qalmaqdadır. 

Bəs bu gün Azərbaycanda nəyi sahibkarlar üçün əsas problem hesab etmək olar? Vergi yükü, yoxsa inzibati maneələr daha çoxdur?

Qaynarinfo-ya sahibkarların qarşılaşdığı problemlər haqqında danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda sahibkarlar üçün əsas problemlərdən biri vergi yükünün hələ də yüksək və mürəkkəb olmasıdır:

"Xüsusilə kiçik və orta sahibkarlar üçün vergi hesabatlarının aparılması, müxtəlif vergilərin vaxtında ödənilməsi və əlavə inzibati tələblər ciddi çətinlik yaradır. Vergi yükü sahibkarların biznesini genişləndirməsini çətinləşdirir və bəzən onların fəaliyyətini dayandırmaq qərarı verməsinə səbəb olur".

Ekspert vurğulayıb ki, sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə bağlı inzibati maneələr də mövcuddur:

"Amma son illərdə elektron xidmətlərin inkişafı və prosedurların sadələşdirilməsi bu sahədə problemlərin azaldılmasına kömək edib. Buna baxmayaraq, vergi yükü hələ də sahibkarların ən çox üzləşdiyi çətinlik hesab olunur".

"Mövcud iqtisadi reallıqda "azad sahibkarlıq" anlayışı necə başa düşülə bilər" sualına cavab olaraq Akif Nəsirli qeyd edib ki, "azad sahibkarlıq” anlayışının bir neçə əsas mənasına diqqət etmək lazımdır:

"Azad sahibkarlıq" dedikdə, sahibkarın öz təşəbbüsü ilə biznes qurmaq, məhsul və xidmət növlərini sərbəst seçmək və dövlət müdaxiləsi minimum olan bir mühitdə fəaliyyət göstərmək kimi başa düşülə bilər. Bu prinsiplə, sahibkar yalnız qanun və vergi öhdəliklərinə əməl etməklə öz işini azad şəkildə apara bilir".

Azərbaycanda daha azad fəaliyyət göstərən biznes sahələrini sadalayan həmsöhbətimiz vurğulayıb ki, azad sahibkarlıq xüsusilə ticarət, informasiya texnologiyaları, kiçik xidmət sahələri və istehsalın bəzi sahələrində mövcuddur:

"Burada sahibkar bazar tələbinə uyğun olaraq sərbəst qərarlar qəbul edə bilir və dövlətin əlavə maneələri minimum səviyyədədir".

Ekspert son olaraq qeyd edib ki, vergi yükü isə bütün sahələrdə, xüsusilə kiçik və orta sahibkarlıq üçün hələ də azadlığın real istifadəsinə mane olan əsas amildir:

"İnzibati maneələri, inhisarçılıq, qanunun aliliyinin və məhkəmə azadlığının təmin edilməsi, maliyyə aministiyasının verilməməsi azad sahibkarlıq mühitinin formalaşmasına mane olur".

Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
16
qaynarinfo.az

10Mənbələr