BAKI, 30 yanvar. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistana Avropa Sülh Fondu (EPF) çərçivəsində 20 milyon avro yardım ayrılması barədə qərarı şərh edib.
Teleqraf xəbər verir ki, K.Kallasın şərhi Avropa İttifaqı Şurasının rəsmi saytında dərc olunub.
Ali nümayəndə bildirib ki, bu vəsaitin ayrılması Brüssel və İrəvan arasında müdafiə sahəsində əlaqələrin dərinləşməsinə xidmət edir.
"Avropa Sülh Fondu çərçivəsində atılan bu addım Aİ və Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığa doğru növbəti mərhələdir. Bununla Aİ Ermənistanın dayanıqlığını dəstəkləməkdə qərarlı olduğunu nümayiş etdirir ki, bu da bütün regionda sabitliyə, sülhə və təhlükəsizliyə töhfə verir",- o qeyd edib.
Aİ Şurasının qərarına əsasən, 20 milyon avroluq yardım paketi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsini, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin təkmilləşdirilməsini və Ermənistan ordusunun gələcəkdə Aİ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi missiyalarda iştirak edə bilməsi üçün operativ uyğunluğunun artırılmasını nəzərdə tutur.
Vurğulanıb ki, bu dəstək Aİ-Ermənistan yeni strateji tərəfdaşlıq gündəliyinə əsaslanır və tərəflər arasında siyasi-iqtisadi tərəfdaşlığın gücləndirilməsi öhdəliyinin tərkib hissəsidir.