Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avro ayırmaq qərarına münasibət bildirib.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, onun şərhi Avropa Şurasının saytında dərc edilib.
"Avropa Sülh Fondu çərçivəsində bu yardım tədbiri Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığa doğru daha bir addımdır. Bu tədbirlə Aİ bütün regionda sabitliyə, sülhə və təhlükəsizliyə töhfə verən Ermənistanın dayanıqlığını daha da dəstəkləməyə sadiq olduğunu nümayiş etdirir", - o bildirib.
Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avro ayırmaq qərarına gəlib. Şuranın rəsmi saytında dərc olunan açıqlamaya görə, yardımın məqsədi böhran və fövqəladə hallarda mülki şəxslərin qorunmasına diqqət yetirməklə Ermənistan Silahlı Qüvvələrinin logistika imkanlarını gücləndirməkdir.
Qeyd olunur ki, bu, Ermənistanın dayanıqlığını artıracaq və Avropa İttifaqı tərəfindən keçirilən əməliyyatlar da daxil olmaqla, beynəlxalq hərbi missiyalarda və əməliyyatlarda gələcəkdə mümkün iştirak halında silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirəcək.
Kallas vurğulayıb ki, Aİ yeni Aİ-Ermənistan Strateji Tərəfdaşlıq Gündəliyinə əsaslanaraq Ermənistanla hərtərəfli siyasi və iqtisadi tərəfdaşlığını gücləndirməyə sadiqdir.
Telegram kanalımız