EN

Həkimlər körpələrin yanına buraxılmayıb - Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Dövlət Yanğın Nəzarəti Xidmətinin böyük inspektoru Aqşin Səmədov ifadə verib.

O, bildirib ki, 2023-cü ilin noyabr ayınadək xidmətdə olub və həmin ilin iyunadək mərkəzdə yoxlama aparılıb. Yoxlama adətən ilin ilk rübündə baş tutub:

"Onlara yanğın təhlükəsizliyi ilə bağlı mərkəzin akt zalında nəzəri təlimlər keçirilib. Yanğın zamanı təxliyənin haradan və necə həyata keçirildiyi barədə məlumatlar verilib. Yanğın təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı nöqsanlar aşkar edildikdə, protokol tərtib edilib, bəzən cərimə də tətbiq edilib. Lakin işlədiyim dövr ərzində məhkəməyə göndərilməsi lazım olan hal baş verməyib".

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:

Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalzasiyasını həyata keçirən tibb personalını məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər körpələrin yanına buraxılmayıb və onlara tibbi yardım göstərilməsinə icazə verilməyib. Bunun üçün də həmin körpələr ölüb.

Vəsatət təmin edilməyib.

Məhkəmə fevralın 4-də davam edəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Chosen
18
29
unikal.az

10Sources