EN

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

Bakı, 28 yanvar, AZƏRTAC

Mülki Prosessual, Ailə və Cinayət-Prosessual Məcəllələrində, “Gənclər siyasəti”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası”, “Bədən tərbiyəsi və idman”, “Sosial xidmət”, “Reklam”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması”, “Uşaqların zərərli informasiyadan qorunması” və “Media haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi “uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılaraq digər qanunvericilik aktlarının uyğunlaşdırılması məqsədilə hazırlanıb.

“Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilməsi təklif olunur. Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir. Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” Qanuna da təklif olunur.

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydın mexanizmlərin müəyyən edilməsi məqsədi ilə “Uşaq hüquqları haqqında” qanun layihəsinə xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək “Sosial xidmət haqqında” Qanuna və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normaların daxil edilməsi nəzərdə tutulur. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.

Son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilib. Təklif edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilsin. Həmçinin uyğunlaşdırma məqsədilə Ailə Məcəlləsində, “Sosial xidmət”, “Reklam”, “Gənclər siyasəti”,“Bədən tərbiyəsi və idman” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda da dəyişikliklər edilməsi nəzərdə tutulub.

Layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

Chosen
19
4
azertag.az

5Sources