EN

BFB-də AYİB-in manat istiqrazları üzrə ikinci bazarda 3 milyon manatlıq əməliyyat reallaşıb

Bakı Fond Birjasında (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) manat istiqrazları üzrə ikinci bazarda 3 milyon manatlıq ticarət əməliyyatı baş tutub.

Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O, müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasını bazar üçün çox önəmli hadisə kimi dəyərləndirib: "Bu, həm yerli valyutada, həm də "floating rate note" (dəyişkən faizli istiqraz) formatında ilk beynəlxalq maliyyə qurumu emissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat da reallaşıb. Burada təxminən 3 milyon manatlıq əməliyyat baş tutub.
AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital bazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki, hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interest rate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər. Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizli istiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu".

Sədr vurğulayıb ki, hazırda bir sıra digər beynəlxalq maliyyə institutları ilə də istiqraz emissiyaları üzrə danışıqlar aparılır: "Beynəlxalq inkişaf banklarının yerli valyutada emissiya etməyə marağı var, çünki bu, "currency risk"in (valyuta riskinin) daha effektiv idarə olunmasına imkan verir. Ünsiyyətdə olduğumuz bir çox beynəlxalq maliyyə təşkilatları Bakı Fond Birjasında istiqraz emissiyasında maraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rast gəlirik. Amma konkret olaraq hansının nə zaman emissiya edəcəyini demək doğru olmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq inkişaf banklarının deyərdim ki, hər birinin emissiya etməyə marağı var. Ən azından ona görə ki, bu banklar beynəlxalq inkişaf banklarıdır və onlar üçün ən uyğun həll yolu odur ki, yerli valyutada öz risk dərəcələrində istiqraz buraxsınlar və istiqrazdan, məsələn, əldə etdikləri vəsaiti yerli strateji layihələrə elə yerli valyutada yönləndirsinlər.

Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvət edirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumat veririk".

Chosen
33
1
day.az

2Sources