İranın Xarici İşlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər edib. Səfər bir çox məqamlarla yadda qalıb. Belə ki, Bakıda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarını cavablandıran V. Cəlalzadə deyib ki, “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq”.
İranlı diplomatın səsləndirdiyi fikir bir çox ekspert tərəfindən Bakıya qarşı açıq həd kimi qiymətləndirilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, nazir müavininin jurnalistlərin qarşısına çıxması özü strateji gedişdir:
“Bu, iki ölkə arasında münasibətlərdə istiliyin yaranmasının əlamətidir. Vahid Cəlalzadənin bəyanatına gəldikdə isə, burada böyüdüləsi bir şey yoxdur. İran rəsmiləri hər yerdə imkan düşən kimi belə açıqlamalar verirlər.
Hazırda ABŞ-nin İrana müdaxiləsi və ya ehtimal olunan zərbələri ilə bağlı bir proses gedir. Qonşu ölkələrdə Tehranı inandırmağa çalışırlar ki, bu regionda ciddi fəlakətlər baş verə bilər. Lakin İranın qonşu ölkələri əslində Tehranın xeyrinə müsbət rol oynayıb. Belə ki, gərginliyin siyasi çatışmaya çevrilməsinə və həmçinin İran qarşısında genişmiqyaslı hücumun qarşısını almağa çalışıblar”
“İran rəsmisinin bu açıqlaması həm də Tehranın qonşu ölkələrdən ABŞ hücumunu dayandırmaq üçün dəstək almaq istəyinin əlamətidir. İran region ölkəsidir və bu cür çıxışlar tez-tez təkrarlanır. Lakin İranın qonşu ölkələri öz ərazilərindən İrana müdaxilə üçün heç bir icazə verməyib. Yəni Tehranın narahatlığı əsassızdır” – deyə keçmiş diplomat bildirib.
Atilla Rzasoy