EN

Davos İqtisadi Forumu investisiya paylanması, kadr və əmək bazarı ilə bağlı hansı mesajları verdi?- ÖZƏL

Davos İqtisadi Forumunda demək olar ki, bütün panel çıxışlarını, o cümlədən uğurlu iş adamlarının çıxışlarını, müzakirələrini diqqətlə dinlədim. Deduktiv metodla, gəldiyim 2 yekun nəticədən başlayaraq xüsusi nəticələrə doğru irəliləyək:
1.Dünya müəyyən etdiyi bir yolla yeni düzənə doğru gedir. Bu yolda iqtisadi və maliyyə cəhətdən tələblərə cavab verməyən və ya yolun ortasında qalıb özü irəliləmədiyi üçün də digərlərinə maneə olan ölkələr ayaq altında olacaq!
2. Ölkələr ya qurulmaqda olan yeni düzənə töhfə verməklə onun bir parçası olaraq qazandıracaq və nəticədə özü də yağlı pay alacaq, ya da resurs və imkanlar əriyib yox olacaq!
Çox acı, kəskin və qəddar reallıq və həqiqətlərlə dolu bir dövrə qədəm qoymuşuq!
Bu 2 yekun nəticəni hissələrə bölmək üçün bir deyil, bəlkə 2-3 kitab yazmaq olar. O səbəbdən məsələnin cüzi bir hissəsinə toxunaq. 
Əvvəla Yeni Düzənin əsas bir neçə prioritet istiqamətləri var, bunlardan biri də prioritet və yeni istiqamətlər üzrə kapitalın, investisiyanın diffuziyası, yəni paylanmasıdır. Arayış: Süni intellekt və digər məsələlərə burada toxunmuram. Planlaşdırdığım bir podkastda fikirlərimi çatdıracam. İNVESTİSİYANIN PAYLANMASI MƏSƏLƏSİNDƏ SEÇİLMƏKDƏ OLAN ÖLKƏLƏR VAR. Bu proses indi gedir. Bizim o ölkələr siyahısına düşmək üçün həmin kapital sahiblərinin müəyyən etdikləri kriteriyaları təmin etməyimiz lazımdır. Söhbət sırf iqtisadi kriteriyalardan gedir. Siyasi məsələlər ikinci plandadır. Yeri gəlmişkən, Davos iqtisadi deyil, həm də siyasi platformadır deyənlər yəqin ki, Davos İqtisadi Forumunu tam izləməyiblər. 15 trilyon dollar aktivlərə malik olan Blackrock CEO-su Larry Finkin panel və ikili müzakirələrdə aparıcılıq etməsi əslində dünyaya bir deyil, bir neçə mesaj verdi. Mövzudan yayınmayaq. Deməli, əsas iqtisadi göstəricilərdir. Bir ölkənin dayanıqlığı qiymətləndirilərkən həmin ölkənin iqtisadi inkişafı, diqqət etdinizsə, statistik rəqəmləri demədim, məhz iqtisadi inkişaf indikatorları və kriteriyalar əsas götürülür. Siyasi məsələlər ikinci plandadır. Monarxiya, Respublika və sair məsələlər həlledici deyil. Yaponiya, Sinqapur, Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Çin, Cənubi Koreya. Müxtəlif rejim, siyasi quruluşlara malik olan bu ölkələri yüksək iqtisadi inkişaf indikatorları və kriteriyalar birləşdirir. Bir də var inkifaş etməkdə olan ölkələr. Bu ölkələr də konkret addımları ilə inkişaf etmək və Yeni Düzənin önəmli iqtisadi parçasına çevrilmək mesajlarını verirlər. Bu ölkələr uduş sahibi olan ölkələrdir. 
Qeyd etdik ki, investisiyaların bölüşdürülməsi (bəs bu məsələ nə üçün hazırda vacib nüansa çevrilib mövzusu başqa dərin mövzudur, burada toxunmaq uzun zaman alar) daha da aktuallaşdı, lakin əsas kriteriyalardan biri iqtisadi dayanıqlıqdır. İqtisadi dayanıqlığın ölçülmə kriteriyaları var. Bu ölçmədə ölkənin valyuta rezervləri həmin kriteriyalardan biridir, lakin birincisi və yeganə deyildir. Çünki, digər kriteriyalar tələblərə cavab vermədikdə bu kriteriya bir neçə ilə əriyə bilər. Yanaşma budur. 
Süni intellekt dövrü nələri tələb edir öyrənirikmi? Dərindən öyrəndiyimizi düşünmürəm. Yeri gəlmişkən, süni intellektin bundan sonrakı dövrdə inkişafı üçün tələb olunan enerji məsələlərinə Davos İqtisadi Forumu ilə bağlı AzTV və Real TV-dəki çıxışlarımda və Real TV-dəki kiçik bir reportaja azacıq da olsa toxunmuşam. Təkrar etmək istəmirəm. Enerji sektorunda investisiya cəlbində üzləşdiyimiz çağırışlar və onların iqtisadi səbəblərinə də toxunmayacağam. Ən önəmli məsələlərdən biri olan və bu yazının ikinci önəmli mövzusu olan əmək bazarına keçid edəcəm. 
Əmək bazarına dərindən baxmaq, bu sahədə Biləcəridən o tərəfə keçməyən bəzi fikir və düşüncələrdən azad olub daha dərin, daha fundamental düşüncələr formalaşdırmalıyıq. Əmək bazarında zəiflik olarsa təhsil öz-özünü düzgün təhlil edə və tələbləri müəyyənləşdirə bilməyəcək. İqtisadi sektorlarda geriləmələr olacaq. Amma biz təhlükləli tendensiyaları, iqtisadiyyatın, hətta iri holdinqlərin hiss olunmadan əriməsini hiss edə bilməyəcəyik. Məsələn, hazırda ən çox verilən suallardan (azı 15 sual daxil olub) biri budur ki, iqtisadi böyümənin 1.4% olduğu ölkəmizdə bank sektoru necə çox pul qazandı? Səbəbləri çoxdur, amma köklü bir səbəbi var. AMB-nin bank sektorunun icmal balansına əsasən, 30.11.2025-ci il tarixə bank sektorunun depozit portfeli (maliyyə institutları istisna olmaqla) 37.2 milyard manatdır. Bunun 15.85 milyard manatı fiziki şəxslərin depozitidir ki, bunun da 5.88 milyard manatı (37%) tələbli, yəni faizsiz depozitlərdir. Depozit portfelinin 21.35 milyard manatı hüquqi şəxslərin depozitləridir ki, bunun da 16.04 milyard manatı (75%) tələbli, yəni faizsiz depozitlərdir. Bank sektorunda depozit portfelinin 59%-i (nəzərə alaq ki, depozit portfeli göstəricilərinə daxil edilməyən maliyyə institutlarının da depozitləri aşağı faiz dərəcələrindədir) faizsiz depozitlərdirsə (bunun əsas səbəblərindən biri Nağdsız hesablaşmalar haqqında AR Qanununa əsasən sahibkarların öz hesablarından aylıq nağd vəsait çıxarışları məhdud olmasıdır (illik dövriyyədən (200 min) asılı olaraq 15 min və ya 30 min manat)) o halda həmin bankların texnologiyanın inkişafı nəticəsində plastik kart istifadəçilərinin saylarının və dövriyyələrinin, yüksək faizlərin, istehlak kreditlərinin və xidmət komisyonlarının hesabına yüksək gəlirlilik əldə etməsi təbiidir. Bu səbəbdən Mərkəzi Bankın Sədri Taleh müəlllim son mətbuat konfranslarının birində kredit faizləri, xüsusilə biznes kreditləri ilə bağlı faiz dərəcələrində banklardan ciddi faiz endirimləri gözlədiyini ifadə etmişdi. Bu səbəbdən hazırda bank sektorunda ABŞ və Britaniya monetar siyasətləri arasındakı incəliklərini, ABŞ və Yaponiya bank sistemlərini, 10 ölkənin iqtisadi inkişaf tarixi və reseptlərini, o cümlədən monetar siyasətlərini, 11 ölkənin fiskal siyasətlərini araşdıran, 23 il bank sektoru təcrübəsi olub, idarə heyəti üzvü olmuş, valyuta əməliyyatları, kredit-investisiya, plastik kartlar departamentinin rəhbəri, filial müdiri və sair göstəriciləri olub karyerası ərzində bank sektorunda yeniliklərə imza atmış mən Elman Sadıqova bank sektorunda, o cümlədən elə Mərkəzi Bankın özündə də ehtiyac yoxdur. Çünki, sektorda pulu kadr deyil, yaradılmış inzibati resurs qazandırır.Bu isə təhlükəli tendensiyadır. Çünki, hazırda bank sektorunda likvidlik daxil, bir çox göstəcilər sürüşkəndir, istənilən zaman dəyişə bilər. Yeri gəlmişkən, bu hissə həm də Elman müəllim, niyə bank sektorunda işləmirsiniz sualına proqmatik bir cavabdır. Kadr məsələləri ilə bağlı digər bir misal. Uğurları ilə fəxr etdiyimiz Qarabağ FK-nın baş məşqçisi Qurban Qurbanov deyil, xaricdə (Barcelona, Real Madrid FK-larda) 6-12 aylıq sertifikasiya proqramı keçmiş ("xarici təhsilli") bir gənci və ya futbol təcrübəsi zəif olan və ya olmayan birini təyin etsəydik, bu gün Qarabağ FK-nın göstərdiyi nəticələrinin hamısını deyil, 20%-ni görə bilərdikmi? Hiss, duyğu, antipatiya və simpatiyanı kənara qoyaraq ciddi düşünəcəyimizə ümidim az da olsa qalıb.
Qayıdaq əsas mövzumuza. Yeni Düzənin tələblərindən biri olan iqtisadi inkişaf kriteriyaları (bu kriteriyaları sadalasam mövzu uzanar, zatən bilənlər bilir) və həmin kriteriyaların fundamentində əsas yer tutan, dövlətimiz və hökumətimizin siyasətinin də uğur və ya uğursuzluğunun başlıca səbəblərindən biri olacaq kadr məsələlərinə. Olan demədim, olacaq dedim. Çünki, indi hələ dünyamız növbəti illərə nisbətən daha sakitdir (müharibələri nəzərdə tutmuram, Yeni Düzəndə yerini möhkəmləndirmək üçün ölkələr arasında yaxın bir neçə ildə indikindən ən azı 5-10 dəfə daha çox sərtləşəcək iqtisadi rəqabətləri nəzərdə tuturam), manatın kursu sabitdir, müəyyən təhlükəsizlik yastığımız var, hələ müəyyən resurslarımız var, enerji sektorunda müəyyən mesajlarımız var, lojistik koridorların ortasındayıq, siyasi sabitlik mövcuddur və sair! Bunlar bizim güclü tərəflərimizdir. Biz bu güclü tərəflərimizi ciddi təhlil edərək onlardan maksimum səmərəli istifadə etsək, daha güclü Azərbaycanımız olacaq, Yeni Düzəndə də töhfə verib pay götürəcək ölkələrdən olacağıq! Necə ki, Qarabağ məsələsində Ölkə Prezidentinin əlini, sözünün kəsərini güclü ordu və xalqın birliyi artırdı, möhkəmləndirdi, Yeni Düzəndə də bu missiyanı güclü iqtisadiyyat etməlidir!
Bunun üçün də dəfələrlə qeyd etdiyim kimi, yeni Vahid Proqramımız olmalıdır! Strateji inkişaf istiqamətlərimizə yenidən baxmalıyıq. Kadr potensialı və məsələlərinə yenidən baxmalıyıq! Şəxsi qərəzçilik, şəxsi simpatiya və antipatiya, tayfabazlıq, nepotizm kimi mənfi düşüncə və yanaşmalardan azad olmalıyıq! Layiqlik prinsipləri həmin mənfi yanaşmalardan daha üst plana çıxarılmalıdır. Kadr tapa bilmirik deyən qurum rəhbərlərinin kadr siyasətlərinə azacıq nəzər salsaq, səbəbləri müəyyən edərik! Açıq deyək. Bu gün bir çox qurumlarda güclü kadr haqqında quruma töhfə verər, səmərəliliyi artırar və sair düşüncələrdən daha çox, sabah birdən məni əvəzləyər kimi paranoik, kompleksli düşüncələr hakim olur! (bu məsələləri növbəti yazımda daha geniş açacam). Kadr siyasətinə yeni fundamental baxışlarla yanaşma ortaya qoymadan yuxarıda qeyd etdiklərim məsələlərlə bağlı daha böyük çağırışlarla üzləşə bilərik ki, bu da dövlətimizi, dövlətçilyimizi zəiflədər. 
Davos İqtisadi Forumunda dövlətlərə açıq-aşkar mesaj verildi ki, Yeni Düzən üçün öz kadr potensialınızı hazırlayın, kadrlarınız müasir tələblərə cavab versin. Hər hansı bir ölkədə əmək bazarının düzgün formalaşmaması, əhalinin əmək bazarının müasir tələblərinə cavab verməməsi digər ölkələrin əmək bazarları üçün də miqrasiya axını baxımından təzyiq formalaşdırır, arzuolunan deyil, inkişaf edən ölkələrin əmək bazarlarında miqrasiya riskləri formalaşdırmamaları üçün bu cür ölkələrlə viza rejimləri daxil bir çox məsələlərə yenidən baxılacaq! Yeri gəlmişkən, ölkələrə investisiya qoyuluşlarında iqtisadi dayanıqlıq, inkişaf kriteriyaları məsələsinə toxunduq. Yeni yanaşmalardan birini qeyd edim. Bir ölkədə iqtisadi böyümə və inkişaf səviyyələri təhlil olunarkən həmin ölkədən emiqrasiya və həmin ölkəyə miqrasiya axınları da nəzərə alınır! Ölkəyə gəliş, investisiya axını biznes mühitinin daha münbit olması, ölkədən gediş biznes mühitinin daralması kimi nəzərə alınır.
Davos İqtisadi Forumu bir daha sübut etdi ki, hansı qurumun başında o qurumun fəaliyyətini, biznesini dərindən bilən bir mütəxəssis varsa, məhz o qurum daha çox parlayacaq! Davos İqtisadi Forumu bir daha sübut etdi ki, dünyada tamamilə yeni iqtisadi düşüncələr hakim olmağa, hər bir dövlətin taleyi yenidən müəyyən olunmağa başlayır! Ən əsası isə, ölkəmizin güclü tərəfləri, imkanları çoxdur və biz bu imkanlardan səmərəli istifadə edərək daha da güclənə bilərik! İqtisadi güc əslində hər bir sahədə güclü olmaq deməkdir! İqtisadi gücün yüksək olması ölkəyə toxunulmazlıq gətirir. Bütün bunların əsas təminatçısı isə ölkə rəhbərinin vizyon və siyasətinin, ölkə rəhbəri və Nazirlər Kabinetinin imzaladığı fərman, sərəncam və qərarlarının hansı səmərəliliklə  (hansı qurumlar tərəfindən Prezidentin hansı Fərmanlarının, NK-nın hansı Qərarlarının nəinki icra edilmədiyi, hətta açıq şəkildə pozulduğu hallarına toxunmuram) həyata keçirilməsi də kadr siyasətinin uğurundan asılıdır!

Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
53
olaylar.az

1Sources