EN

Azad Laçında təhsilin inkişafı: qar və şaxtaya baxmayaraq, şagirdlər məktəbə sevinclə gəlirlər

Laçın, 24 yanvar, AZƏRTAC

İşğaldan azad olunan Laçın şəhərində təhsilin inkişafı yeni mərhələyə qədəm qoyub. Dövlətin yaratdığı müasir təhsil infrastrukturu sayəsində burada məktəblər tam fəaliyyət göstərir, şagirdlər isə soyuq hava, qar və şaxtaya baxmayaraq, dərslərə böyük həvəslə qatılırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunmuş Laçın şəhərində təhsil sahəsində ardıcıl inkişaf müşahidə olunur. Son illərdə yaradılan müasir təhsil infrastrukturu məktəblərin fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradıb. Qış mövsümünün soyuq keçməsinə baxmayaraq, şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədədir.

Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Şəbnəm Uğurlu qürur və fəxarət hissi ilə qeyd edir ki, artıq üç ildir Laçın şəhərində həmin məktəb fəaliyyət göstərir və uğurla təhsil prosesini davam etdirir. "Bu təhsil ocağının yenidən fəaliyyətə başlaması yalnız burada təhsil alan şagirdlər üçün deyil, vaxtilə işğal səbəblərindən təhsilini yarımçıq qoymuş valideynlər üçün də böyük sevinc mənbəyidir. Bu gün onların övladları Laçında təhsil alırlar və bu, hər birimiz üçün qürurvericidir. Biz hamımız ədalətin bərpa olunmasının sevincini və qürurunu birlikdə yaşayırıq.

Laçın şəhər 2 nömrəli tam orta məktəb yüksək maddi-texniki baza ilə təmin olunub. Məktəb binası geniş, işıqlı və tam müasir standartlara cavab verir. Sinif otaqları ilə yanaşı, fənn kabinetləri və STEAM otağı fəaliyyət göstərir ki, bu da müasir dövrdə şagirdlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Burada təhsil alan şagirdlərin gələcəkdə Azərbaycanımızı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə layiqincə təmsil edəcəyinə inanırıq. Məktəbdə yaradılan şəraitdən yalnız şagird və müəllimlər deyil, valideyn kontingenti də yüksək məmnunluq ifadə edir. Biz də məktəb kollektivi olaraq dövlətimizə təşəkkür edir, güclü Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq. Məktəbimizin özəlliklərindən biri də Laçın şəhərinin dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşməsidir. Qış mövsümünün sərt keçməsinə baxmayaraq, şagirdlərimizin məktəbə davamiyyəti yüksək səviyyədədir ki, bu da həm valideynlərin, həm də kollektivin təhsilə olan məsuliyyətli yanaşmasının göstəricisidir", - deyə o bildirib.

Məktəbli Azər Allahverdiyev isə Laçın şəhər məktəbinin şagirdi olmağı ilə qürur duyduğunu deyir. "Laçın şəhər məktəbinin şagirdi olmaq mənim üçün böyük qürurdur. Biz öz ata-baba yurdumuza qayıtmışıq. Babam və nənəm hər zaman Laçın haqqında danışar, mən də bu şəhərlə bağlı xəyallar qurardım. Laçına gəldikdə isə gördüm ki, bu diyar xəyallarımdan da gözəldir. Hazırda Laçın şəhər məktəbində təhsilimi davam etdirirəm. Burada bizim üçün çox gözəl və rahat şərait yaradılıb. Məktəbimiz tam müasir standartlara uyğun inşa olunub. Ən çox sevdiyim fənlər informatika və riyaziyyatdır. Gələcəkdə informatika mühəndisi olaraq Laçın şəhərində çalışmaq və doğma yurduma fayda vermək istəyirəm".

Məktəbin şagirdi Dəniz Cəbrayıl gələcəkdə Laçında həkim kimi fəaliyyət göstərmək arzusundadır. "Məcburi köçkün olduğumuz dövrdə Ağcabədidə təhsil alırdım. Ən böyük arzum Laçınımızın, ata-baba yurdumuzun azad olunması və burada məktəbə getmək idi. Bu gün arzularım gerçək olub, artıq Laçındayıq və burada təhsilimi davam etdirirəm. Yeni dostlarım, sinif yoldaşlarım var və özümü çox xoşbəxt hiss edirəm.

Məktəbimiz yüksək səviyyədə, müasir avadanlıqlarla təmin olunub. Bütün fənləri sevirəm, lakin ən çox sevdiyim fənlər fizika və ingilis dilidir. Gələcəkdə Qarabağ Universitetində ali təhsil almaq, daha sonra isə həkim kimi yenidən Laçınımızda çalışmaq ən böyük arzularımdan biridir".

Chosen
85
azertag.az

1Sources