EN

Amerikada zombi protein təhlükəsi: Maral xəstəliyi yeni ərazilərə yayıldı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci il təbiət və insan sağlamlığı baxımından narahat edən bir xəbərlə başa çatır. Şimali Amerikadakı vəhşi həyat üzrə məsul şəxslər marallar arasında sürətlə yayılan və hər zaman ölümə gətirib çıxaran təhlükəli bir beyin xəstəliyi barədə xəbərdarlıq yayıblar.

Qaynarinfo xəbər verir ki, son həftələrdə ABŞ-ın Arkansas və Viskonsin ştatları ilə Kanadanın Manitoba bölgəsində "Xroniki Zəifləşdirici Xəstəlik" (CWD) kimi tanınan xəstəliyin əvvəllər müşahidə olunmayan ərazilərdə aşkar edildiyi bildirilib. "Dəli inək"  xəstəliyinə bənzər xüsusiyyətlər daşıyan CWD yalnız ekosistem üçün deyil, potensial olaraq insanlar üçün də risk yaradır. Xüsusilə ovçular risk qrupuna daxildir.

CWD-nin əsas səbəbi prion adlanan qeyri-adi proteinlərdir. Prionlar normalda zərərsiz olan beyin proteininin yanlış qatlanmış formasıdır. Problem ondadır ki, bu pozulmuş proteinlər sağlamlarla təmas etdikdə onları da "yanlış qatlanmağa” məcbur edir. Bu zəncirvari təsir bir zombi epidemiyasını xatırladır. Zamanla beyində yığılan bu anormal proteinlər sinir toxumasını dağıdaraq heyvanın ölümünə səbəb olur.

Prion səbəbli xəstəliklər yalnız heyvanlarda deyil, insanlarda da görülə bilər. Bunların ən məşhuru isə ictimaiyyətə "dəli inək” olaraq tanınan süngərvari beyin xəstəliyidir. CWD-yə yoluxmuş marallarda isə ciddi nevroloji simptomlar, məsələn, şüur itkisi, hərəkət pozğunluqları və sürətli çəki itkisi müşahidə olunur.

CWD ilk dəfə 50 ildən çox əvvəl ABŞ-da aşkar edilib. Xəstəliyin prionlardan qaynaqlandığı anlamaq isə zaman alıb. O vaxtdan bəri xəstəlik Şimali Amerika boyunca davamlı şəkildə yayılmağa davam edir.

Dekabr ayının ortasında Arkansas Ovçuluq və Balıqçılıq Komissiyası ovlanmış ağ quyruqlu marallarda üç yeni CWD hadisəsinin aşkar edildiyini açıqlayıb. Qrant və Sevier bölgələrində görülən bu hallar həmin ərazilər üçün ilk hadisədir. Viskonsində isə Təbii Resurslar İdarəsi La Krosse dairəsində ilk pozitiv CWD test nəticəsini təsdiqləyib. Eyni dövrdə Manitoba hakimiyyətləri də beş yeni hal barədə məlumat verib: bunlardan ikisi xəstəliyin əvvəllər müşahidə olunmadığı bölgələrdədir.

CWD-ni digər prion xəstəliklərindən fərqləndirən əsas xüsusiyyət onun asanlıqla yoluxa bilməsidir. Xəstəlik yoluxmuş heyvanlarla birbaşa təmas və ya tüpürcək kimi bədən mayeləri vasitəsilə yayıla bilər. Həmçinin sidik və nəcislə ətrafa buraxılan prionların da yoluxmada rol oynaya biləcəyi düşünülür. Bu vəziyyət həm təbii mühitdə, həm də fermalardakı maral populyasiyalarında uzunmüddətli epidemiyaların riskini artırır.

Hələlik insanlarda təsdiqlənmiş bir hal olmasa da, alimlər ehtiyatlı davranır. "Dəli inək" xəstəliyinin çirklənmiş ətin istehlakı yolu ilə insanlarda Creutzfeldt-Jakob xəstəliyi (CJD) epidemiyalarına səbəb olduğu məlumdur.

Oxşar ssenarinin CWD-li maral ətini istehlak edən ovçular üçün də keçərli ola biləcəyi ehtimalı tamamilə istisna edilmir. Keçən il dərc edilmiş bir hadisə hesabatında CJD səbəbilə vəfat etmiş iki ovçunun yoluxmuş maral ətini istehlak etmiş ola biləcəyi irəli sürülüb. Lakin bu iddia hələ elmi olaraq təsdiqlənməyib və bəzi mütəxəssislər əlaqəyə ehtiyatla yanaşır.

CWD-nin təsiri yalnız fərdi heyvanlarla məhdudlaşmır. Genişmiqyaslı epidemiyalar yerli maral populyasiyalarını ciddi şəkildə azalda bilər. Bu da zəncirvari olaraq digər növlərə və regional ekosistemlərə təsir edə bilər.

Həmçinin maral yetişdiriciliyi sektoru da risk altındadır. Təxminən 7,9 milyard dollarlıq iqtisadi dəyərə malik bu sektor mümkün karantin və bağlanmalardan birbaşa təsirlənə bilər. Buna görə də Viskonsin hakimiyyətləri maralları bir araya toplayan yemləmə və qida buraxma tətbiqlərinə qadağanı uzadıb. Ovçulara isə test edilməmiş və ya CWD pozitiv olduğu bilinən maralların heç bir halda istehlak edilməməsi tövsiyə olunur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
37
qaynarinfo.az

10Sources