EN

İstanbulda Azərbaycan məktəbi AÇILACAQ

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib.

Turkustan.az-ın məlumatına görə, bu məsələ, Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanmışdır. Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Əlavə Protokol Sazişin 19-cu maddəsinə uyğun olaraq bağlanmış və məktəb binalarının istifadəyə verilməsi, həmin binalarda təhsil fəaliyyətinin həyata keçirilməsi, eləcə də idarəetmə, maliyyə və təmir-bərpa ilə bağlı məsələləri tənzimləyir.

Protokola əsasən, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə qanunvericiliyinə uyğun olaraq ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması, habelə Azərbaycan Respublikasında “Bakı Türk Təhsil Müəssisələri”nin fəaliyyəti üçün müvafiq binaların qarşılıqlı olaraq müddətsiz və əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman məktəb binalarının mülkiyyət hüququ istifadəyə verən Tərəfdə saxlanılır.

Sənəddə Azərbaycan təhsil müəssisəsində təhsilin Azərbaycan Respublikasının dövlət təhsil proqramları və beynəlxalq təhsil proqramları əsasında həyata keçirilməsi, türk dili və türk fənlərinin tədrisi, müəllim heyətinin təmin edilməsi, əməkhaqqının ödənilməsi mexanizmləri, dərslik və tədris ləvazimatlarının gömrük prosedurları, habelə müəllimlər və onların ailə üzvləri üçün müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.

Əlavə Protokolda məktəb binalarının yalnız təhsil məqsədləri üçün istifadə olunması, tədris fəaliyyətinin daimi dayandırılması hallarında istifadə hüququna xitam verilməsi qaydası, habelə binaların yararlı vəziyyətdə təhvil-təslim olunması prosedurları müəyyən edilmişdir. Eyni zamanda, təmir, bərpa, yenidənqurma və əlavə tikinti işlərinin istifadəyə verilmiş Tərəfin məsuliyyətində olduğu, istifadə hüququna xitam verildikdə isə həmin Tərəf tərəfindən sonradan inşa edilmiş obyektlərin və qurğuların əvəzi ödənilmədən binanı istifadəyə verən Tərəfin mülkiyyətində qalacağı təsbit edilir.

Əlavə Protokol maliyyə məsələlərinin, o cümlədən vergi və rüsumların tutulmasının Tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsini nəzərdə tutur.

Əlavə Protokol Sazişin ayrılmaz hissəsi olmaqla, Sazişin 20-ci maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minir və Sazişin qüvvədən düşməsi ilə eyni vaxtda qüvvədən düşür./modern.az

Chosen
30
19
turkustan.az

10Sources