“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandamı, “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Çox önəmli qalibiyyətdir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq”.
Dambrauskas qış fasiləsinə lider kimi yollanmalarına da münasibət bildirib:
“Qarabağ” çox yaxşı komandadır, məşqçi komandasıdır, Avropada səs-küy yaradıblar. Onların əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə, qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır. Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidir. Hər matçdan sonra məndən “Qarabağ” barədə soruşursuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də “Karvan”a qarşı keçirəcəyimiz matçdır”.
