Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün görüşləri B qrupu çərçivəsində Bakıda və Sumqayıtda baş tutub.
Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşmış “Ordu” 86:64 hesablı qələbə qazanıb. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”a 99:95 hesabı ilə qalib gəlib.
Sabah daha 2 oyun baş tutacaq. 11-ci turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları isə təxirə salınıb.
A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 14. Şəki – 12. NTD – 11.
B qrupu: Ordu – 22. Naxçıvan – 19. Quba – 14. Lənkəran – 14. Sumqayıt – 14. Sərhədçi – 13.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
