EN

Tailand və Kamboca 24 dekabrda atəşkəs rejiminin yaradılmasını müzakirə edəcək

Tailand və Kamboca 24 dekabrda sərhəd münaqişəsi zonasinda atəşkəs rejiminin yaradılması məsələsi üzrə danışıqlara başlayacaq. Bu barədə Tailandın xarici işlər naziri Sihasak Phuanqketkeo bildirib.

Onun sözlərinə görə, Tailand Kamboca ilə atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etməyə hazırdır. “Biz atəşkəs rejiminin yaradılması ilə bağlı dialoqun bərpasını alqışlayırıq. Danışıqlar artıq mövcud olan Birgə Sərhəd Komitəsi çərçivəsində aparılacaq. Kamboca tərəfinin təklifinə əsasən, bu görüş 24 dekabr tarixinə təyin olunub”, — deyə o qeyd edib. Phuanqketkeo Malayziyanın Baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin xüsusi toplantısında iştirak edib.

Kamboca ilə Tailand sərhədində atıcı silahlardan istifadə olunan toqquşmalar dekabrın 7-də başlayıb. Tailandın Quru Qoşunları dekabrın 8-də bildiriblər ki, Kamboca qüvvələri sərhədyanı zonada onların mövqelərini artilleriya atəşinə tutub. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Tailandın Kral Quru Qoşunları döyüşlər zamanı 21 hərbçinin həlak olduğunu açıqlayıb. Kamboca öz itkiləri barədə məlumat verməyib, lakin Tailand tərəfinin məlumatına görə, toqquşmalar nəticəsində 200-dən çox Kamboca hərbçisi ölüb. Kambocanın Daxili İşlər Nazirliyi isə 18 mülki şəxsin həlak olduğunu bildirib.

Chosen
7
banker.az

1Sources