EN

İlin iqtisadi narahatlıqları | Təhlil

Əsas hesabat ilk növbədə iqtisadiyyatda artımla əlaqədar göstərici ilə bağlıdır. Bu il ölkədə iqtisadi artım zəif olub. Yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 116,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çox ÜDM istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,8% azalıb, qeyri-neft-qaz sahəsində isə 3,2% artıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57 milyard 500 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1% az deməkdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,1% azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8% artıb. Sözün qısası, cari ildə də ölkədə iqtisadi tənəzzülü ört-basdır edən məhz qeyri-neft-qaz sektoru oldu. Qeyri-neft sektoru iqtisadi artımda artıq, bir müddətdir bu cür hərəkətverici qüvvə rolunda çıxış edir. Bu da ondan irəli gəlir ki, neft hasilatı enir və neftin qiyməti əvvəlki səviyyədə deyil, olmayacaq da... Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır. Ona görə də əslində, ciddi narahatlığa əsas var.

Belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm elementlərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması və inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi amillər isə ciddi təhdid xarakter daşıya bilər. Götürək inflyasiyanı: 2025-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,9, qeyri-qida malları üzrə 2,6, əhaliyə göstərilən ödənişli xidmətlər üzrəsə 6,6 faiz təşkil etmişdir.

2018-2021-ci illər ərzində ölkədə qiymət artımının səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil etmişdi. Yəni, ötən iki il ərzində - 2023-2024-cü illərdə bu proses zəifləmişdi. Lakin bu ilin əvvəlindən temp yenidən artdı - özü də iqtisadi artımın zəif tendensiyası fonunda... Bu çox, ciddi faktordur.

Yeri gəlmişkən, cari ilin iyulunda İllik inflyasiya 5%, avqustda 5,6%, sentyabrda 5,7%, oktyabrdasa 5,9% təşkil etmişdir. Nəzərə çatdırım ki, iyul, avqust, sentyabr və oktyabr aylarında ölkədə ÜDM istehsalının həcmi müvafiq olaraq 0.9%, 1%, 1,3% və eyni tempdə təşkil edib.

Xarici ticarət dövriyyəsinə gəldikdə isə, Dövlət Statistika Komitəsinə istinadən bu ilin yanvar-oktyabr aylarında gömrük rəsmiləşdirilməsi hələ tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabrında ölkənin xarici ticarət dövriyyəsi 39 milyard 913.9 milyon dollar olub. Bunun 20 milyard 688.7 milyon dollarını və ya 51.8 %-ni ixrac olunan məhsullar, 19 225.2 milyon dollarını və ya 48.2 %-nisə idxal məhsulları təşkil edib. Nəticədə xarici ticarətdə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb ki, 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.9% artmış, real ifadədə isə 7.9 faiz azalmışdır. Həmin dövrdə idxal real ifadədə 7.9%, ixrac isə 7.8% enib.

Xarici ticarət dövriyyəsi 2023-cü ildən etibarən azalmağa başlayıb. “Bu niyə baş verir” sualına cavab olaraq həmişə yazmışam ki, səbəb təkcə neft-qaz sektoruna aid deyil, qeyri-neft-qaz məhsulları ixracının və dəyərinin azalması da bunda az rol oynamır. Halbuki, yuxarıda da qeyd etdim ki, ölkə iqtisadiyyatında artım, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir. Hökumət tərəfindən cari il üçün real ÜDM artımının 3% olacağı gözlənilir.


Pərviz Heydərov
Azvision.az üçün
Chosen
37
1
azvision.az

2Sources