“Rusiya bayrağı ilə Kiyevdə uçan dron düşmən kəşfiyyatı tərəfindən informasiya məqsədilə buraxılıb.”
Turkustan.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis və hərbi radiotexnologiya üzrə məsləhətçi Sergiy Beskrestnov (“Flash” imzalı) məlumat yayıb.
Beskrestnov bildirib ki, dronun məqsədi video çəkərək onun daha sonra Rusiya informasiya məkanında yayılması olub. Pilotsuz uçuş aparatı havada beş dəqiqədən az qalıb və bir kilometrdən də az məsafə qət edib. Bundan sonra dron aşkarlanaraq radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.
Onun sözlərinə görə, aparat döyüş şəraitində istifadə üçün nəzərdə tutulub və radioelektron mübarizəyə qismən dayanıqlı hərbi rus proqram təminatı ilə təchiz edilib.
Beskrestnov qeyd edib ki, Kiyevin hava məkanı müxtəlif qurumlara məxsus bir neçə texniki sistem vasitəsilə qorunsa da, belə qısamüddətli təxribatların olması mümkündür. Onun sözlərinə görə, məhz bu bir neçə dəqiqə qarşı tərəfə informasiya əməliyyatı aparmaq üçün kifayət edir./Globalinfo.az/