EN

Tarixi amnistiya təşəbbüsü: humanizm və mərhəmət ənənələrinə sadiqliyin nümayişi

Müasir dövlət idarəçiliyində hüquq təkcə cəzalandıran deyil, həm də anlayan, islah edən və yenidən cəmiyyətə qayıdış üçün fürsət yaradan bir vasitədir. Məhz bu nöqtədə humanizm anlayışı dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir və amnistiya qərarları bu yanaşmanın ən aydın ifadələrindən biridir.

Amnistiya ilk baxışdan hüquqi prosedur təsiri bağışlasa da, əslində, daha geniş ictimai-siyasi məna daşıyır. Bu qərarlar yalnız konkret şəxslərin cəzasının yüngülləşdirilməsi və ya ləğvi ilə məhdudlaşmır, eyni zamanda, dövlətin cəmiyyətə ünvanladığı mühüm mesajı ehtiva edir: qanun pozuntusu törədən insan tamamilə itirilmiş deyil, dövlət ona ikinci şans verməyə hazırdır. Xüsusilə, az ağır cinayətlər törətmiş, ilk dəfə məsuliyyətə cəlb olunmuş, yaşlı, xəstə, qadın və ya yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə amnistiya sosial ədalət prinsipinin praktik təzahürüdür.

Azərbaycan da hüquqi və müstəqil bir dövlət olaraq bu praktikanı zaman-zaman tətbiq edir. Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə dekabrın 15-də amnistiyanın elan edilməsi təşəbbüsü də bu nümunəvi tədbirlərdən biridir. Dövlət başçısı məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Ona görə də budəfəki amnistiya təşəbbüsü öncəkilərdən bir sıra xüsusiyyətlərinə, mahiyyət və əhatə dairəsinə görə fərqlənir.

Hər şeydən öncə budəfəki amnistiya “Konstitusiya və Suverenlik İli”nə həsr olunur. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu sağlam təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir. İnsan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, bu gün Azərbaycanda cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.

Humanizmin dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənəsi olduğunu müasir müstəqil Azərbaycan öz siyasi praktikasında daim isbat edib. Bunun üçün Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduğu vaxtdan bu günə qədər ölkədə həyata keçirilən amnistiya və əfv qərarlarının statistikasına baxmaq kifayətdir. Belə ki, ötən dövr ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü irəli sürülüb və icra olunub. Ümumi olaraq, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq vətəndaşa şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul olunub. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.

Milli Məclisin deputatı olarkən birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə də 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib.

Nəhayət, Prezident  İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsindən sonra - 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq insanı əhatə edib.

Bütün bunlar Azərbaycanın ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm faktorlardır.

Bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə müstəqil Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Belə ki, bu aktın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Dövlət başçısının budəfəki amnistiya təşəbbüsünün daha bir özəlliyi isə onun əhatə dairəsi ilə bağlıdır. Belə ki, amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin azadlığa buraxılması nəzərdə tutulur. Həmçinin, döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər, habelə qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri planlaşdırılır.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər də cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Beləliklə, bu təşəbbüslə suverenliyin bərpasının milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyi, xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyi və gələcək nəsillər üçün əbədi örnək olduğu dövlət başçısı tərəfindən bəyan edilir.

Bundan başqa, bu təşəbbüs humanizm və mərhəmət ənənələrinə sadiqliyi nümayiş etdirir, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inamı ifadə edir, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid bəsləyir.

Tarixi təcrübə də göstərir ki, mühüm ictimai-siyasi mərhələlərdə – konstitusiya islahatları, əlamətdar yubileylər, münaqişələrdən sonrakı dövrlərdə – qəbul edilən amnistiya qərarları cəmiyyətdə barış, həmrəylik və yeni başlanğıc hissini gücləndirir. Bu qərarlar bir növ keçmişlə gələcək arasında körpü rolunu oynayır.

Nəticə etibarilə, amnistiya dövlətin gücünün, sədaqətinin, səxavətinin göstəricisidir. Güclü dövlət cəzalandırmaqla yanaşı, bağışlamağı da bacarır. Humanizm üzərində qurulan dövlət siyasəti isə cəmiyyətin yalnız bu gününü deyil, sabahını da düşünür. Amnistiya qərarları da məhz bu baxışın hüquqi və mənəvi ifadəsidir...
 

Səbinə Salmanova

Milli Məclisin deputatı

Chosen
24
2
ikisahil.az

10Sources