EN

Azərbaycan-Ermənistan neft ticarəti rəsmən başladı...


Azərbaycandan dəmir yolu ilə Ermənistana AI-95 markalı benzinlə dolu 22 tankerin yola salınması son günlərin ən çox müzakirə edilən mövzularından biridir. Bu, son onilliklərin ilk yanacaq ixracıdır. “Euronews” telekanalı bunun iki ölkə arasında əlaqələrin normallaşmasına doğru real dönüş olduğunu yazır.

“AnewZ” kanalı isə SOCAR istehsalı olan benzinin Gürcüstan ərazisindən Ermənistana göndərildiyini qeyd edir.

Yanacaq ixracı barədə razılaşma noyabrın 28-də Qəbələdə əldə olunub. Həmin gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı ilə Mher Qriqoryanla görüşmüşdü. Hazırda Ermənistan yanacağının 60 faizindən çoxunu Rusiyadan idxal edir, qalanı isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir. Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb. Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Azərbaycandan çıxan 22 vaqon benzinin yaxın günlərdə Ermənistana çatacağını deyib. Gevorq Papoyanın sözlərinə görə, yüksək keyfiyyət göstəricilərinə malik olan SOCAR AI-95 benzini Azərbaycandan Ermənistana idxal olunur. Nazir Azərbaycan benzininin rəqabətədavamlı olub-olmayacağı sualını cavablandırarkən bildirib: “Əgər biznes gəlir gətirməyə davam edərsə və qiymətlər aşağı düşərsə, deməli, rəqabətlidir. Qiymətlər aşağı düşməzsə, güman edirəm ki, biznes gəlir gətirməyəcək”. Niyə məhz 22 vaqon benzin idxal olunur sualına gəldikdə isə, nazir bildirib ki, Azərbaycan benzinini alan şirkət və ya şirkətlər ilk partiyanı məhz bu miqdarda idxal etmək qərarına gəliblər. O, güman edir ki, söhbət 1300 ton tondan gedir. Gevorq Papoyan hələlik hansı şirkət və ya şirkətlərin Azərbaycan neftini Ermənistana idxal etdiyini açıqlamayıb. Azərbaycan benzinini alan şirkətlərin adları, benzin Ermənistana idxal edildikdən sonra açıqlanacaq: “Proses bitdi, gəlin, müharibə əvəzinə ticarət edirik. Müharibə itkilər, ticarət isə rifahdır”. Gevorq Papoyanın sözlərinə görə, bir neçə səviyyədə sülh bərqərar olub, ordular artıq bir-birinə atəş açmırlar, əsgərlər ölmür, kəndlərdə ümumiyyətlə atışma yoxdur, həm də biznes işləyir. İnsanlar pul qazandığı yerdə sülh qalib gəlir”. Digər məhsulların idxalı ilə bağlı artıq razılaşmanın olub-olmadığı soruşulduqda, İqtisadiyyat naziri daha hansı məhsulların idxal olunduğunu müəyyənləşdirmək prosesində olduqlarını bildirib. Papoyan bildirib ki, Azərbaycan tərəfi bu barədə Ermənistana məlumat verəndə Ermənistan tərəfi bunu təsdiqləyəcək. Ermənistanın baş naziri Nikol Paşinyan da məsələyə münasibət bildirib: “Mən bu inkişafı alqışlayıram, ticarət özəl şirkətlər arasında aparılır, amma təbii ki, bu ticarət üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhdür”. Gələcəyə gəlincə, Paşinyan bildirib ki, Gürcüstan dəmir yolu tarifi ilə bağlı müəyyən məsələlər var və onlar bu məsələlərin həll olunacağına ümid edirlər: “Əgər onlar tənzimlənməsə, məntiqi olaraq, iqtisadi operatorlar idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar”.

Beləliklə, son illərdə regionda yaranan yeni siyasi reallıqlar və normallaşma cəhdləri Azərbaycanla Ermənistan arasında ticarət məsələsini aktuallaşdırır. Sülh danışıqları, kommunikasiyaların açılması ilə bağlı müzakirələr və tranzit imkanlarının genişləndirilməsi perspektivi iqtisadi əməkdaşlıq üçün müəyyən ümidlər yaradıb. Bu proses hələ ilkin mərhələdə olsa da, ticarət əlaqələrinin gələcəkdə formalaşması ehtimalı həm regional, həm də beynəlxalq ekspertlər tərəfindən real imkan kimi qiymətləndirilir. İqtisadi baxımdan Azərbaycan və Ermənistanın istehsal və tələbat strukturları müəyyən dərəcədə bir-birini tamamlayır. Azərbaycan enerji resursları, neft-kimya məhsulları, tikinti materialları, kənd təsərrüfatı məhsulları və sənaye malları ixrac potensialına malikdir. Ermənistan isə bəzi emal sənayesi məhsulları, kənd təsərrüfatı və yüngül sənaye sahələrində müəyyən istehsal imkanlarına sahibdir. Birbaşa ticarət əlaqələrinin qurulması hər iki tərəf üçün məhsul çeşidinin artmasına, qiymətlərin optimallaşmasına və bazar rəqabətinin güclənməsinə səbəb ola bilər. Ticarət əlaqələrinin bərpası yalnız iqtisadi deyil, həm də sosial və psixoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən qarşıdurma xalqlar arasında qarşılıqlı inamsızlıq yaradıb. İqtisadi əməkdaşlıq və ticarət münasibətləri isə zamanla bu baryerlərin yumşalmasına, qarşılıqlı asılılığın formalaşmasına və daha sabit münasibətlərin yaranmasına töhfə verə bilər. Tarixən dünyada bir çox münaqişə sonrası regionlarda məhz ticarət və iqtisadi əlaqələr sülhün möhkəmlənməsində mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında ticarətin bərpası ciddi çağırışlar və risklərlə də müşayiət olunur. İlk növbədə, sərhədlərin tam açılması, gömrük və hüquqi mexanizmlərin yaradılması, təhlükəsizlik məsələlərinin həlli vacib şərtlərdir. Ticarətin davamlı və şəffaf olması üçün qarşılıqlı etimad mühiti, aydın qaydalar və beynəlxalq standartlara uyğun mexanizmlər formalaşdırılmalıdır. Regional baxımdan Azərbaycanla Ermənistan arasında ticarətin bərpası Cənubi Qafqazın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Kommunikasiya xətlərinin açılması regionu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevirə, yükdaşımaların həcmini artıra və region ölkələri üçün əlavə gəlir mənbələri yarada bilər. Bu isə təkcə iki ölkə deyil, bütövlükdə region üçün iqtisadi canlanma deməkdir.Hazırda Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri hələ də məhdud və faktiki olaraq formalaşmamış vəziyyətdədir. Lakin mövcud siyasi proseslər və normallaşma cəhdləri bu sahədə yeni perspektivlər açır.

Ramil QULİYEV

Chosen
70
50
baki-xeber.com

10Sources