AZ

Ermənistan Azərbaycana konyak, kompot və mürəbbə sata bilər

Azərbaycan və Ermənistan arasında son dövrlər iqtisadi müstəvidə istiləşmə müşahidə olunur. Rusiya və Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınmasının ardınca, ötən gün Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərildi.

Bəs gələcəkdə rəsmi İrəvan Bakıya hansı məhsulları təklif edə bilər?

İqtisadçı Zahid Məmmədovun fikrincə, Ermənistan Azərbaycanla əməkdaşlıq hesabına regiondan böyük qazanc götürə bilər.

O qeyd edib ki, Ermənistanın kənd təsərrüfatı və qida sənayesi məhsulları – konservlər, kompotlar, mürəbbələr və şərabçılıq məhsullarını Azərbaycana ixrac edə bilər:

“Bir zamanlar Rusiya bazarında Ermənistanın malları geniş yayılmışdı. Sovet dövründən içki brendi də formalaşdırıb. Düzgün strategiya qursa, Ermənistan yeyinti sənayesindən böyük qazanc əldə edə bilər.

Göyçə gölü və digər turizm məkanları Azərbaycan turistləri üçün maraqlı ola bilərdi. Ermənistan ağıllı siyasət yürüdərək Azərbaycan, Türkiyə və İran bazarlarından milyonlarla turist cəlb edə bilərdi. Təkcə Türkiyənin 80-90 milyonluq əhalisi böyük turizm potensialıdır”.

İqtisadçı vurğulayıb ki, Asiyada Çin qonşuları üçün hansı iqtisadi mənfəətdirsə, Azərbaycan da Qafqaz üçün eyni funksiyadadır.

“Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi-mədəni irsin qorunması və nümayiş etdirilməsi həm iqtisadi, həm də beynəlxalq imic baxımından mühüm imkan yarada bilərdi. Məscidlərin, qəbiristanlıqların, tarixi yaşayış məkanlarının bərpası Ermənistan üçün böyük gəlir mənbəyinə çevrilə bilərdi. Təəssüf ki, bunun əvəzinə illərlə aqressiv siyasət seçildi”, – Zahid Məmmədov qeyd edib.

MənbəMODERN.AZ
Seçilən
15
3
banker.az

10Mənbələr