EN

Dövlət Komitəsinin nəzərində "Ailə vəzifələri olanlar" nəyi ifadə edir...


Elçin Bayramlı: “Bəzi özəl şirkətlər bilərəkdən Azərbaycan ailələrini dağıdır”

“Ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilməlidir”.Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən iclasında çıxış edib.

O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə və digər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansı ayrıseçkiliyə məruz qala bilməzlər: “Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da gücləndirərdi”.

Maraqlıdır, ailə vəzifələri olan işçilər dedikdə nə nəzərdə tutulur?

“Şəxsin ailə həyatı, öhdəlikləri işə götürəni maraqlandırmamalıdır, işə götürənə bacarıqlı kadr lazım olmalıdır, ancaq…”

Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamaslnda bildirdi ki, bu sahədə çox ciddi problemlər var: “Son zamanlar özəl şirkətlər ailəli şəxsləri işə qəbul etmir və ya həmin şəxsləri müxtəlif bəhanələrlə işdən azad edirlər. Əsas tələbləri odur ki, işə götürələcək şəxs subay və ya boşanmış olsun, xüsusən qadınlarla bağlı belə tələblər irəli sürülür. Bu isə olduqca ciddi sosial diskriminasiyadır, hüquq pozuntusudur. Mütləq şəkildə bununla bağlı cəza mexanizmi olmalıdır. Beynəlxalq qanunvericiliyə əsasən, işçinin ailə vəziyyətinin işə hər hansı bir təsiri yoxdur, normal qaydada işini görür. Sadəcə, bizim ölkədə fəaliyyət göstərən əksər özəl şirkətlər boşanmış və ya subay xanımla əməkdaşlıq etmək istəyir ki, işdən sonrakı vaxtda da o əlavə işlər görə bilsin. Danılmaz faktdır ki, bu gün ölkədə boşanmalar pik həddədir, bu çox ciddi bir problemdir. Məlum məsələnin olduğu bir vaxtda özəl şirkətlərin belə davranışı, tələbi Azərbaycan ailələrini daha da dağıdır. Şirkətlər elə tələb qoyur ki, şəxsin həyatında yalnız onun işi olmalıdır, o bayram günlərində, iş saatlarında kənar vaxtlarda daha çox işləməlidir, analıq məzuniyyətinə çıxmamalıdır. Bu tələb tək qadınlara deyil, kişilərə də tətbiq olunur. Ümumiyyətlə, məlum vəziyyət sosial, psixoloji və mənəvi cəhətdən hüquqi pozuntudur”.

Həmsöhbətimiz hesab edir ki, şirkətlər qanunvericilikdə olan boşluqlardan istifadə edir: “Əmək Məcəlləsinə bununla bağlı konkret tələblər, öhdəliklər qoyulmalı, cəza və cərimələr təyin olunmalıdır. Şirkətlərin belə bir tələbinin olması düzgün deyil. Işçilərə öz vəzifələrini yerinə yetirməsindən başqa əlavə tələb qoyula bilməz. Şəxsin ailə həyatı, öhdəlikləri işə götürəni maraqlandırmamalıdır. İşə götürənə bacarıqlı kadr lazımdır, onun ailə vəziyyətinin məsələyə heç bir aidiyyəti yoxdur. Şirkətinkişaf etmək istəyirsə yalnız iş bacarığı tələbini irəli sürə bilər. Hazırkı vəziyyət onu göstərir ki, bəzi özəl şirkətlər bilərəkdən Azərbaycan ailələrini dağıdır, bu isə cəmiyyət üçün ciddi problemdir, ölkənin əmək bazarında böhrana səbəb ola bilər. Hesab edirəm ki, Əmək Məcəlləsinə konkret tələblər qoyulmalı, bu kimi qanun pozuntusu olarsa ciddi cəzalar tətbiq olunmalıdır”.

Günel CƏLİLOVA

Chosen
77
13
baki-xeber.com

10Sources