EN

İstefalar, istintaqlar, həbslər...

Yazını böyüt
Yazını kiçilt

Son günlərdə ölkə daxilində siyasi kəsimdə yaşanan proseslər siyasi partiyaların fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. İstər müəyyən ittihamlarla həbsolunma faktı, istərsə də partiya sədrinin istefası kimi məsələlər prosesin sürətli dinamikliyindən xəbər verir.

Deputat, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hafta.az-a bildirib ki, hadisələrin gedişi bir sıra siyasi təşkilatların da sıradan çıxacağını göstərir. Deputat deyib ki, xeyli sayda siyasi partiya var ki, fəaliyyətsizdir.

Onun sözlərinə görə, əvvəllər, heç olmasa, açıqlama, müsahibə ilə görünən partiya sədrləri indi bunu da etmirlər:

“Siyasi partiyalar yaranışına, quruluş fəlsəfəsinə, eyni zamanda, fəaliyyətinə, ideoloji yönümünə görə əvvəlcədən fərqli olub. “Siyasi partiyalar” dedikdə, ümumən, bütün partiyaları nəzərdə tuturuq. Görünən odur ki, bir qisim radikal xətt götürüb, bir qisim isə hakimiyyətə meyillidir. Bizim partiya isə yaxşı nə varsa təqdir edib, pisə qarşı sərt mövqe bildirib, təkliflərini verib.

Son vaxtlar isə Ramiz Mehdiyev məsələsi ilə bağlı çıxışların edilməsi də dəbdədir. Bizim partiya 30 ilə yaxındır, Ramiz Mehdiyevin demokratikləşməyə nə qədər zərbə vurduğunu deyib, buna görə də zərbələrini alıb. Ona görə də bu gün ümumi fona qoşulmaq istəmirik”.

Deputat bildirir ki, siyasi partiyalar xeyli dərəcədə yaşlanıb:

"Onların böyük əksəriyyəti pensiya yaşını keçib. Əvvəlki illərdə olduğu kimi, böyük partiyalara axın, yaxud hər hansı məsələ ilə bağlı ajiotaj yoxdur. Müəyyən maliyyəsi olan partiyalar hələlik ayaqdadır. Bizim partiyamız da parlament partiyasıdır. Biz bütün seçkilərdə iştirak eləmişik. Hesab edirəm, fəaliyyətimiz artan xətt üzrə gedəcək”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirir ki, 2023-cü ildə yeni qanun qəbul olunduqdan sonra, ölkənin siyasi həyatında ciddi dəyişikliklər müşahidə edildi:

“Bəlkə də Qarabağın azad edilməsi yeni siyasi münasibətlərin formalaşdırılmasına əsas verdi. Siyasi partiyaların sayı 64-dən 26-ya düşdü. Yeni mühit və dünyada gedən qlobal dəyişikliklər yeni yanaşmaları zərurətə çevirdi. Siyasi partiyalar da bu çağırışlara adekvat cavab vermək məcburiyyətindədirlər. İndi bu sahədə təbii bir rəqabət mühiti və sınaq dövrü yaranıb. Siyasi partiyaların üzərinə indi daha çox məsuliyyət düşür. Yeni dövrün tələblərinə adekvat cavab vermək lazımdır. Bunu yerinə yetirə bilməyənlər siyasi müstəvini tərk etməlidirlər. Çox güman ki, istefa verən partiya sədrləri özlərini indiki mürəkkəb dövrdə görmürlər, ona görə də belə addımlar atırlar. Bu sahədə ciddi yenilənmələr gedir. Ona görə də pessimizmə qapılmağa əsas yoxdur. Cəmiyyət yenilənir, dünya dəyişir, yeni münasibətlər sisteminə və çağırışlara cavab verilməsi tələb olunur. Bunun öhdəsindən gəlmək üçün ölkəmizdə də partiyalar kəmiyyət və keyfiyyət dəyişikliyi yaşayır”.

“Yeni xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirir ki, siyasi partiyalar cəmiyyətin müəyyən ideya, maraq və məqsədlərini ifadə etmək üçün yaradılır. Siyasi partiyalar eyni zamanda qanuni fəaliyyət növünə malik, qanunla tənzimlənən, siyasət uğrunda mübarizə aparan qurumdur və siyasi institut sayılır.

R.Hüseynov təəssüflə vurğulayır ki, Azərbaycanda siyasi partiyalar cəmiyyət arasında yetərincə nüfuz qazana bilməyiblər. Bunun əsas səbəbi o təşkilatların cəmiyyətlə düzgün işləmək bacarığının olmaması, digər tərəfdən uzun illər ərzində etimadlarını itirmələridir:

“Son 30 il ərzində etimadlarını, tədricən, itirən siyasi partiyalar cəmiyyətdə də nüfuzlarını itiriblər. Siyasi rəqabət metodlarını və alternativ yaratmaq təşəbbüslərini düzgün qiymətləndirə bilmədiklərinə görə, bu gün siyasi partiyaların böyük əksəriyyətinin cəmiyyətdə nüfuz dairəsi olduqca aşağı səviyyədədir. Onlar öz ideoloji mövqelərini cəmiyyətə yanlış formada təqdim ediblər. Bunun əsas səbəbi isə öz potensiallarından düzgün istifadə etməmələri olub”.

Mərkəz rəhbəri hesab edir ki, Azərbaycanda siyasi partiyalar arasında dominant partiya – Yeni Azərbaycan Partiyası və rəhbəri Prezident İlham Əliyevdir:

“Onun cəmiyyətdə qazandığı nüfuz, xalqın etimadını və rəğbətini əldə etməsi son illərdə apardığı istər siyasi, istər diplomatik, istərsə də iqtisadi islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Məhz buna görə də Yeni Azərbaycan Partiyası öz dominant mövqeyini qoruyub saxlaya bilib.  Bu partiya Azərbaycanda həm kütləvi partiya, həm də elit kadr bankı formalaşdıran siyasi partiya kimi tanınır. Digər siyasi partiyalar isə bu baxımdan müqayisədə xeyli zəif görünür. Sevindirici haldır ki, siyasi islahatlar kontekstində bu gün siyasi partiyalara həmin islahatların təsir etdiyinin şahidi oluruq. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə siyasi partiyalar birlik və həmrəylik nümayiş etdirərək milli ideologiyamızın qorunmasında, suverenliyimizin bərpasında və ərazi bütövlüyümüzün təmin olunmasında öz töhfələrini veriblər. Bunun, təbii ki, müsbət tərəfləri var. Siyasi partiyaların bu gün həm dünyada gedən müasir texnoloji yeniliklərə uyğunlaşması, həm də bu yeniliklərin Azərbaycana təsiri siyasətin daha şəffaf formada aparılmasına gətirib çıxarıb. Əvvəllər bəzi qüvvələr özlərini “böyük” və “ana müxalifət” kimi təqdim edirdilər və bu anlayışdan tez-tez istifadə olunurdu. Zaman göstərdi ki, bu heç də belə deyilmiş, bu yanaşma sadəcə populizm və manipulyasiyadan ibarət imiş. Müasir texnologiyalar və açıq siyasətin tətbiqi nəticəsində artıq bir çox məsələlər cəmiyyətə, xalqa açıq şəkildə görünür”.

Mərkəz rəhbəri qeyd edir ki, Azərbaycanla maraqlanan regiondankənar mənafeli qüvvələr də ölkəmizdə  siyasi mühitin hansı formada olduğunu bilir:

“Bilirik ki, siyasi partiyaların fəaliyyəti daha çox keçmiş siyasi davranışların nəticəsi olaraq ortaya çıxır. Bir partiya sədrinin həbs olunması əslində bir neçə il bundan əvvəl başlanmış siyasi davranışın gəlib çıxdığı nöqtəni göstərir. Siyasi partiyalar yalnız dövlətin milli ideologiyasına və dövlətçilik prinsiplərinin təməl əsaslarına xidmət etməlidir. Bu gün isə şahidi oluruq ki, bu heç də belə deyil. Bəzi partiyalar özlərini xalq qarşısında bir cür göstərsə də, qapalı qapılar arxasında tamamilə fərqli yanaşma ilə fəaliyyət göstəriblər. Bu da bu gün onların gizli əlaqələrinin üzə çıxması ilə öz təsdiqini tapır. Onlar şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq özlərini bu ambisiyaların qurbanına çeviriblər. Bu da çox yanlış bir xətdir və bu prosesdə olanlar mütləq şəkildə cəzasını çəkməlidirlər. Siyasi partiyalar xarici təsirlərdən ibarət olmamalıdır, bu qətiyyən yolverilməzdir. Xarici təsirlərdən asılı olan partiyaların həmişə Azərbaycana qarşı düşmənçilik mövqeyində durmasının şahidi olmuşuq. Ona görə də bəzi partiyaların müasir dünyanın tələblərinə uyğun olmayan addımları özlərini sıralardan çıxarır”.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev hafta.az-a bildirib ki, son vaxtlar siyasi partiyalarla bağlı baş verənlər istər-istəməz cəmiyyətdə narahatlıq yaradır.

Partiya yetkilisi, artıq bir çox xarici qurumların da məsələyə müdaxilə etmələrinin müşahidə olunduğunu və bunun dövlətimizin qurduğu indiki reallıqla səsləşmədiyini deyib. O, müxalif siyasi düşərgədə ən son sədrlikdən imtina edən Xalq Partiyasının sədri Pənah Hüseynə diqqət çəkib. ADP sözçüsü bunu adi prosedur hesab etsə də, Pənah Hüseyn kimi tanınmış siyasi liderin sədrlikdən getməsinin siyasi, ictimai kəsimdə suallar, mübahisələr yaratma ehtimalını da inkar etməyib.

T.Əliyev digər narahatlıq doğuran məqam kimi, AXCP sədri Əli Kərimlinun həbsini və Milli Şura üzvlərinin ciddi ittihamlarla istintaqa cəlb edilməsinə diqqət çəkib. O, hesab edir ki, belə hallar xarici qurumlar tərəfindən siyasi partiyalara qarşı aparılan təqib və təzyiq kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər:

“Kimlərsə yaranmış vəziyyəti öz xeyrinə dəyişə bilər. Hər halda bu durum siyasi partiyaların fəaliyyətinə də təsir edən amildir. Digər tərəfdən, torpaqlar işğaldan azad olunandan sonra siyasi partiyaların fəaliyyətində də müəyyən dəyişilmələrə ehtiyac var. Düşünürəm, siyasi partiyalar özünün fəaliyyətini yeniləmə mərhələsini yaşayır”.

 Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə hafta.az-a bildirib ki, Azərbaycanda mövcud olan partiya liderlərinin çoxu ötən əsrin 90-cı illərindən qalıb.

Onun fikrincə, siyasi partiya sistemində müşahidə olunan ümumi durğunluq həmin liderlərin öz fəaliyyətlərini yeniləyə bilməməsi ilə əlaqəlidir:

“Mütləq şəkildə yenilənmələr olmalıdır. Müxalifət partiyalarının çoxu hakimiyyətlə dialoq konfiqurasiyası qurub və siyasi reallığa uyğun olaraq bu istiqamətdə fəaliyyət göstərir. Bəzi sədrlər istefa verir, partiyalar bağlanır, bəzilərini – Milli Şura, AXCP sədri Əli Kərimli ilə bağlı məsələləri istintaq araşdırır. Müəyyən partiyalar var, fəaliyyəti yoxdur. Heç bir seçkidə iştirak etmir, siyasi davranışları görünmür. Bəzi partiyaların sənədləri belə düz deyil, maliyyə hesabatlarını verə bilmirlər”.

M.Əsədullazadə hesab edir ki, heç bir siyasi təşkilat, sədr xarici ölkələrlə əlaqəli işləməməlidir. Onun fikrincə, hər bir siyasi təşkilat mütləq milli maraqlar kontesktində fəaliyyət göstərməldir:

“Milli Cəbhə Partiyası, təbii ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, hər bir hadisə ilə bağlı mediada aktiv çıxışlar edir. Partiya sədri, millət vəkili Razi Nurullayev parlamentdə qanun layihələrinin qəbulu prosesundə aktiv iştirak edir. Bütün siyasi təşkilatlar Milli Cəbhə Partiyası kimi olmalıldır. Ötən əsrin 90-cı illərində qalmış partiya sədrləri getməlidir. Pənah Hüseynin partiya sədrliyindən getməsi qoca partiya liderlərinə nümunə olmalıdır”.

Tahirə Qafarlı

Chosen
51
hafta.az

1Sources