EN

Vəkil: Məhkəmə ekspertizası ensiklopediyası Azərbaycan dilində bu sahəyə dair sistemləşdirilmiş ən geniş resurs olacaq

Bakı, 15 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin dekabrın 11-də imzaladığı Sərəncama əsasən təsdiqlənən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da bu sahədə görüləcək bir çox tədbirlər, o cümlədən məhkəmə ekspertizası ensiklopediyasının hazırlanması nəzərdə tutulur.

Vəkillər Kollegiyasın üzvü, hüquqşünas Elvin Əliyev bununla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, məhkəmə ekspertizası ensiklopediyasında məhkəmə ekspertizası sahəsində mövcud olan biliklər, terminologiya, metodologiyalar və müxtəlif ekspertiza növləri vahid elmi mənbədə toplanacaq.

“Ensiklopediya mütəxəssislər, hüquqşünaslar, tədqiqatçılar və tələbələr üçün etibarlı informasiya qaynağı rolunu oynayacaq. Həmçinin bu sahədə vahid standartların formalaşmasına və metodoloji qarışıqlığın aradan qaldırılmasına kömək edəcək. Azərbaycan dilində bu sahəyə dair sistemləşdirilmiş ən geniş resurs olacaq”, - deyə o əlavə edib.

 

Chosen
105
azertag.az

1Sources