“Grand CEO Tour” proqramı çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri həyata keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə baş tutmuş səfər zamanı iştirakçıların regionun iqtisadi, mədəni və tarixi potensialı ilə yaxından tanış olmalarına şərait yaradılıb.
“Grand CEO Tour” çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə ehtiramla gül dəstəsi qoyaraq dahi liderin xatirəsini dərin hörmətlə yad edib.
Daha sonra sahibkarlar Xan sarayına və Möminə Xatun türbəsinə ekskursiya edərək, Naxçıvanın çoxəsrlik tarixi-mədəni irsi barədə ətraflı məlumat əldə ediblər.
Proqramın növbəti mərhələsində “Reges Tikinti Materialları” MMC-nin zavoduna tanıtım səfəri həyata keçirilib. Kəngərli rayonunun Böyükdüz ərazisində yerləşən müəssisənin əsas fəaliyyəti sement istehsalıdır. Müəssisədə bununla yanaşı, 22 növ tikinti materialları istehsal edilir. Səfər iştirakçılarına istehsal prosesi, mərkəzi idarəetmə, laboratoriya, köməkçi material anbarları, qablaşdırma sahəsi və digər zəruri istehsalat sahələri nümayiş etdirilib.
“Reges Tikinti Materialları” MMC-nin direktoru Kamal Kərimov tədbirdə çıxış edərək, “Caspian Energy Club”un sahibkarlar arasında dialoqun möhkəmlənməsində və sahibkarlarla dövlət qurumları arasındakı əlaqənin yaradılmasında mühüm rol oynadığını qeyd edib. O müəssisəyə təşkil olunan turun əhəmiyyətinə diqqət yetirib və bu səbəbdən “Caspian Energy Club” rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.
Səfər Heydər Məscidi və Nuh türbəsinin ziyarəti ilə davam edib, iştirakçılar bu məkanların tarixi və mənəvi əhəmiyyəti barədə məlumatlandırılıb.
“İqtisadi və sənaye potensialı ilə seçilən Naxçıvan Muxtar Respublikasında keçirilən görüş və təqdimatlar biznes icmamız üçün dəyərli məlumat bazası formalaşdırıb. Bu səfər rəhbər şəxslər arasında işgüzar münasibətlərin dərinləşməsinə, yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə əhəmiyyətli töhfə verib”, - deyə Telman Əliyev bildirib.
Səfərin əhəmiyyətini yüksək qiymətləndirən nümayəndələrin sözlərinə görə, bu cür səfərlər təkcə regional iqtisadiyyatın inkişafına deyil, həm də biznes liderlərinin strateji baxışının genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və ölkələrarası əməkdaşlıq ruhunun möhkəmlənməsinə xidmət edir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.