Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus və Litvanın Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini Kristina Baubinayte “Caspian Energy Club”ın ofisini ziyarət ediblər. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Görüşdə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov iştirak ediblər.
Görüş zamanı tərəflər Azərbaycan-Litva iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, biznes dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də iki ölkənin iqtisadi potensialından irəli gələn imkanların dəyərləndirilməsi istiqamətində ətraflı müzakirələr aparıblar.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, biznes missiyalarının təşkili, birgə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı investisiya təşviqi, eyni zamanda, hər iki ölkənin biznes icmaları arasında daha sıx əməkdaşlıq, qarşılıqlı biznes missiyalarının keçirilməsi imkanlarını müzakirə ediblər.
Görüş əsnasında iştirakçılar Litvada xarici investorlar üçün formalaşmış əlverişli biznes mühiti, innovasiya və yüksək texnologiyalar sahəsində tətbiq olunan dövlət dəstəyi mexanizmləri, inkişaf etmiş startap ekosistemi, həmçinin sənaye sektorunun modernləşməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat əldə ediblər. Təqdimat zamanı Litvanın innovasiya yönümlü iqtisadi modeli, rəqabət üstünlükləri ilə seçilən biznes mühiti və Avropa İttifaqı bazarlarına geniş çıxış imkanları xüsusi vurğulanıb.
“Litva xarici investorlar üçün sabit, şəffaf və innovativ bir mühit təqdim edir. Biz Azərbaycan şirkətlərini Litvada fəaliyyət göstərməyə, yeni texnologiyaların inkişafı, bilik və təcrübə mübadiləsi istiqamətlərində bizimlə sıx əməkdaşlıq qurmağa dəvət edirik”, - deyə səfir Kestutis Vaşkeleviçus nitqində xüsusi olaraq vurğulayıb.
Müzakirələr zamanı yaşıl energetika, logistika, İKT, kənd təsərrüfatı, yaşıl texnologiyalar və innovasiya sektorları əməkdaşlıq üçün ən perspektivli istiqamətlər kimi qiymətləndirilib. Tərəflər bu sahələrdə qarşılıqlı investisiya təşviqi, mütəxəssis mübadiləsi, birgə tədqiqat və pilot layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasının vacibliyini vurğulayıblar.
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev öz növbəsində səfirliyin nümayəndələrinə klubun fəaliyyəti, beynəlxalq əməkdaşlıq xətti, üzvlərinə təqdim etdiyi geniş xidmət portfeli, həmçinin ölkə daxilində və xaricdə təşkil etdiyi tədbirlər haqqında ətraflı məlumat verib. “Caspian Energy Club”ın Avropa ölkələri ilə artıq mövcud olan əməkdaşlıq təcrübəsi və müxtəlif regionlarda reallaşdırdığı biznes təşəbbüsləri də qeyd olunub. Telman Əliyev, eyni zamanda, bildirib ki, Litva ilə əlaqələrin dərinləşdirilməsi “Caspian Energy Club”ın beynəlxalq əməkdaşlıq strategiyasında mühüm yer tutur.
“Litva ilə iqtisadi və biznes əməkdaşlığının genişləndirilməsi bizim üçün strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə biz regional tərəfdaşlarımızla birgə gerçəkləşdirdiyimiz layihələr vasitəsilə Azərbaycan şirkətlərinin Avropa bazarlarına çıxış imkanlarını daha da gücləndirməyə çalışırıq. Məsələn, 2023-cü ildən etibarən Latviya və Estoniya Ticarət və Sənaye Palataları, həmçinin Satakunta Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “LEF Network Azerbaijan” layihəsi üzrə Azərbaycana altı biznes missiyası, Mərkəzi Baltikyanı ölkələrə isə üç işgüzar missiya təşkil olunub. Ümid edirik ki, bu istiqamətdə atdığımız ardıcıl addımlar gələcəkdə daha genişmiqyaslı əməkdaşlıqların, yeni birgə təşəbbüslərin və uzunmüddətli tərəfdaşlıqların formalaşmasına xidmət edəcək”, - Rasim Mahmudov bildirib.
“Caspian Energy Holding” haqqında qısa məlumat:
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.