EN

“Legioner limitinin ləğvinin əleyhinəyəm” – Yusif İmanov 

 

Kosovanın “Malişeva” klubundan “Kəpəz”ə keçən Yusif İmanov “Qəbələ” ilə oyundan (1:0) sonra İdmanxeber.az saytına müsahibə verib.

Təcrübəli qolkiper görüşlə bağlı fikirlərini bildirib, komandanın hədəflərindən və digər məsələlərdən söz açıb.

– Oyunu necə şərh edərdin?

– Çox çətin keçdi. Həm bizim, həm də rəqib üçün. Meydanda gərgin mübarizə var idi. Çox şükür ki, qələbə qazandıq. Epizodlarımız var idi, daha çox qol vura bilərdik. Amma əsas olan 3 xalı qazanmağımızdır.

– Rəqibin azlıqda qalması işinizi asanlaşdırdı. “Qırmızı” olmasaydı, sanki qələbə gəlməyəcəkdi…

– Təbii ki, bu da kömək etdi. Ümumilikdə isə Azər Bağırovun bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Əsas hədəfimiz maksimum nəticə qazanmaqdır. Biz aşağı yerlərə layiq deyilik. Ola bilər, heyətimiz kasaddır. Amma belə məsələlərə qarışmaq mənim işim deyil. Çalışıb maksimum nəticə verəcəyik.

– Gəncədə təbii ot örtüklü meydançada məşq edib Yevlaxda süni qazonda oynayırsınız. Bu sizə nə dərəcədə çətinlik yaradır?

– Gəncədə olan şərait Azərbaycanda tək-tük klubda var. İki məşq meydançamız mövcuddur. Ölkədə bir nömrədir. Açığı, başqa heç yerdə beləsini görməmişəm. Çox yüksək səviyyədədir. Ona görə də süni qazonda bir az çətinlik çəkirik. Təbii örtükdə məşq edib süni meydançada oynayanda meydançanı hiss etmək olmur. Buna görə də hamımız Gəncə stadionunun açılmasını səbirsizliklə gözləyirik.

Sanki hələ də performansın ideal səviyyədə deyil. Bir epizodda çıxışda səhvə yol verdin…

– Həmin epizodda gözümə gün düşdü, ona görə çətinlik yarandı. Amma yavaş-yavaş uyğunlaşıram. Qapıçı üçün oyun əskikliyi çox çətindir. Meydan oyunçularında bu, nisbətən daha asan olur, tez bərpa olunurlar. Amma qapıçı iki oyun oynamasa, qapını hiss etmir. Bir il kənarda qalmışam, dərhal ideal duruma gəlmək asan deyil. Sağ olsunlar, məşqçilər heyəti mənə güvənir və şans verirlər.

– Səni yenidən milli komandada görəcəyik?

– Yüz faiz. Hədəfim budur. Gedib komandaya kömək etmək istəyirəm.

Son toplanışda milliyə dəvət etmək üçün qapıçı tapılmırdı…

– Bu barədə ən yaxşı açıqlamanı Şahruddin Məhəmmədəliyev verib (gülür). Bütün yerli qapıçılara uğurlar arzulayıram. Hamısı çalışır, məşq edir. Kim daha yaxşıdırsa, millidə də o olacaq.

– Yeri gəlmişkən, legioner limitinin ləğvi barədə nə düşünürsən?

– Bu barədə böyüklərimiz danışsa, daha yaxşı olar. Mən limitin ləğvinin əleyhinəyəm. Yerli futbolçuların oynaması daha məqsədəuyğundur. Şans qazanırlar. Bu, mənim şəxsi fikrimdir, kimsə razılaşmaya bilər. Bəzən deyirlər ki, yerli oyunçular çalışmır, amma bu, doğru deyil. Vallah, hamımız çalışırıq. Limit olsa, daha çox yerli uşaq şans qazanar. Amma bu qərarı verən mən deyiləm. Hamının da fikrinə hörmətlə yamaşıram.

– Kosovadan sonra sənin üçün legioner həyatı bitib?

– Qətiyyən yox. Bitməyib. Allahın izni ilə yenə olacaq. Çalışacam ki, bundan sonra daha yüksək səviyyədə legioner həyatı yaşayım. Amma hazırda öncəliyim “Kəpəz”dir. Sağ olsunlar ki, bu durumda mənə qapı açdılar, gəlib özümü göstərmək imkanı verdilər. Amma məqsədim yenidən legioner kimi çıxış etməkdir.

Həsən Quluzadə

Chosen
60
idmanxeber.az

1Sources