Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məntiq Mehdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 29 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində Göygöl şəhəri A.Kazımov küçəsi, "Aişə" restoranının qarşısında baş verib.
Belə ki, Mehdiyev Məntiq İlyas oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - Əliyev Mətanət Arif qızı və Nəcəfova Maral İsmayıl qızını vurub. Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 5 il 3 ay müddətə endirilib.
Kamal Məmmədov