EN

Əmmanda Dünya Türk Dili Ailəsi Gününə həsr olunmuş tədbir keçirilib

Qahirə, 14 dekabr, AZƏRTAC

İordaniyanın paytaxtı Əmmanda yerləşən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin bu ölkədəki səfirliyinin himayəsi altında 15 Dekabr - Dünya Türk Dili Ailəsi Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO-nun cari il noyabrın 3-də Səmərqənddə keçirilmiş 43-cü Baş Konfransı zamanı 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi elan edilməsi münasibətilə təşkil olunub.

Türkiyənin İordaniyadakı səfiri Yaqub Caymazoğlu çıxışında türk dilinin ortaq mədəniyyət dəyəri kimi əhəmiyyətini vurğulayıb, ölkələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin müdiri Mustafa Öztürk tədbirdə çıxış edərək qurumun türk dilinin qorunması və yayılması istiqamətindəki fəaliyyətləri və gələcək planları haqqında məlumat verib.

Daha sonra Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev çıxış edib. O, türk dövlətlərinin dünya bəşər sivilizasiyasındakı tarixi və mədəni roluna diqqət çəkib. Azərbaycan səfiri türk xalqlarının zəngin ədəbiyyat, musiqi, elm və mədəni irsinin dünya mədəniyyətinə töhfələrindən danışıb, bu irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin türk dövlətləri arasında dil, mədəniyyət və tarixi bağların gücləndirilməsinin təkcə regional deyil, eyni zamanda, qlobal miqyasda sülhün, qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ş.Abdullayev belə tədbirlərin Türk dünyasının ortaq dəyərlərinin tanıdılması, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və gələcək nəsillərin milli-mədəni şüurunun formalaşdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Tədbir çərçivəsində İordaniya Universitetinin Türk dili bölməsinin müəllimi Bağdagül Musa tərəfindən “Türk dilinin tarixi inkişafı və türk ləhçələri” mövzusunda məruzə təqdim edilib. İştirakçılar türk ölkə və topluluqlarının mədəniyyətlərini daha yaxından tanımaq imkanı əldə efib, türk ləhcələrindən müqayisəli nümunələr, türk musiqisi, həmçinin teatr tamaşaları ilə tanış olublar.

Mədəni proqram əsnasında iştirakçılar üçün ənənəvi türk oyunları (aşıq oyunu və kəndirçəkmə) təşkil olunub, türk xalqlarının mətbəx mədəniyyətindən nümunələr təqdim edilib.

Tədbir türk dilinin ortaq dəyər kimi təbliği, türk xalqları arasında mədəni bağların möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
133
azertag.az

1Sources