EN

Azərbaycanın əbədi lideri

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

Ölkəmizdə milli tərəqqinin yarım əsrə yaxın bir mərhələsi Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin siyasi fəaliyyəti tək Azərbaycan üçün deyil, keçmiş sovet məkanında əsarət altında olan bütün müsəlman-türk xalqları üçün şərəf və qürur örnəyidir. İşğalçı bolşevik ideologiyası idarəçilik sistemini gizli "müsəlman yaxşı kommunist ola bilər, amma ona etibar etmək olmaz” prinsipi üzərində qurmuşdu. Bu prinsip bütün sovet imperiyasının mövcudluğu ərzində qırmızı xətt kimi müsəlmanlar üzərində damokl qılıncına çevrildi. Ancaq Ulu öndər bu sipəri dağıtdı. İlk dəfə olaraq Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin timsalında bu millətin nümayəndəsinə həvalə edildi.

Həmin dövrdə xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Lakin Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra bu stereotip dəyişdi və bu mühüm dövlət orqanında o, milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu. Bir vaxtlar Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxırdılar. Bu təzyiqlərdən sarsılmayan Ulu Öndər milliləşdirmə siyasətini geniş vüsətlə davam etdirdi, milli ideyalara görə təqibə məruz qalmış bir çox ziyalı və ictimai xadimlər həbsdən və təzyiqlərdən xilas olundu.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açarkən, ilk növbədə 1969-1982-ci illərə, onun Sovetlər Birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirməyi vacib bilib. Onun sözlərinə görə, həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi.

Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirildi. Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halında xüsusi mərhələ onun SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətini davam etdirilməsi ilə bağlıdır. Heydər Əliyev SSRİ-nin müsəlman respublikalarının rəhbər işçiləri arasında belə yüksək vəzifəyə qalxan ilk şəxs idi.

1920-ci ildə Azərbaycanı işğal edən bir imperiya onun ən layiqli oğlunun idarəçilik və siyasi istedadının qarşısında məğlub olmuşdu. Azərbaycan işğal edilmiş əyalət bir ölkə idi. Şübhəsiz ki, belə bir ölkə tabe olmalı, müti davranmalı, rahat idarə edilməliydi. Lakin Heydər Əliyev millətimizi öz simasında imperiyanı idarə edən bir xalq səviyyəsinə qaldırdı. Bu Ulu öndərin xalqı adına böyük siyasi zəfəri idi. Amma sovet sistemi daxilindəki anti-Azərbaycan, antitürk qüvvələr bu yüksəlişə qarşı birləşdilər və Heydər Əliyevin vəzifədən getməsinə nail oldular.

1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Bu Azərbaycan üçün çətin sınaq dövrü idi. Tarix iki dəfə Azərbaycan xalqını imtahana çəkib: “Əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu - “ya öz taleyinə şərik ol, ya da işğala məruz qalaraq bölün”. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri üzərlərinə düşəni layiqli şəkildə etdilər. Azərbaycanı bölünməyə qoymadılar. Təəssüf ki, rus ordusu ölkəmizi yenidən 70 illik əsarətə saldı. 1991-ci ildə müstəqilliyimizi əldə edərkən növbəti dəfə sınağa çəkildik. Konkret olaraq Azərbaycanın parçalanması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldıq.

1918-ci ildə böyük bir komandanın gördüyü işi Ümummilli lider təkbaşına gördü. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Ulu öndər xalqını naümid qoymadı. 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu.

Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır. Heydər Əliyevin prezidentliyi dövründə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında” Qanunun və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan xalqının Ümummilli lideri 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. Ulu öndər Heydər Əliyev Prezident İlham Əliyevə böyük ümidlər bəsləyərək söyləyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Uzaqgörən siyasi xadim bu fikirlərində də yanılmamışdı.

Prezident İlham Əliyev Ulu öndərin ümidlərini doğrultdu və Ata vəsiyyətini yerinə yetirdi. Əgər bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bütün uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru aparır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq. Müstəqilliyimiz əbədi, Ulu öndərin ruhu şad olsun!

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı

Chosen
20
xalqqazeti.az

1Sources