EN

Heydər Əliyev dünya tarixinin ən əhəmiyyətli liderlərindən biridir


"Bu il Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il keçir. Xalqımız onun taleyində və tarixində silinməz izlər qoymuş bu böyük şəxsiyyəti bir daha dərin ehtiramla xatırlayır və yad edir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Heydər Əliyev fenomeni yalnız Azərbaycanla məhdudlaşmır, o, dünya siyasətində özünəməxsus yeri olan, yüksək zirvələrə çatmış və dərin izlər buraxmış nadir liderlərdəndir:

" O, bir məktəb idi – siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, bir çox insan bu məktəbdən bəhrələnmişdir.
Tarix sübut edir ki, liderlərin gücü, iradəsi, müdrikliyi və siyasi bacarığı, mənsub olduqları xalqın və dövlətin həyatında əvəzolunmaz rol oynayır. Bu, Heydər Əliyev kimi böyük şəxsiyyətlər üçün də keçərlidir. O, yalnız Azərbaycanın deyil, həm də dünya tarixinin ən əhəmiyyətli liderlərindən biridir. Heydər Əliyev hər zaman dövlətin inkişafı üçün güclü liderlik nümayiş etdirmiş və özünəxas şəkildə hər sahədə fərqlənmişdir".

Politoloq qeyd edib ki, Ulu öndər, həm xarizmatik şəxsiyyət, həm də fenomenal siyasətçi və dövlət xadimi olaraq, dərin biliyi, qətiyyəti və müdrikliyi ilə tanınmışdır və haqlı olaraq müasir dövrün ən güclü liderlərindən biri hesab olunur:

"Onun idarəetmə bacarığı, uzaqgörənliyi, qeyri-adi yaddaşı, səbrlə yanaşdığı siyasi situasiyalar və həm də mahir diplomat olması onu nadir şəxsiyyətlərdən birinə çevirmişdir. Ulu Öndər siyasətdə hər zaman reallığı düzgün qiymətləndirmiş, əvvəlki təcrübədən yararlanaraq yaratdığı siyasi xətti uğurla həyata keçirmişdir. Hər kəs razılaşar ki, Heydər Əliyev siyasətinin əsası sabitlik və davamlı tərəqqiyə xidmət edən siyasət olub.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövr, yəni 1969-1982-ci illər, ölkəmiz üçün böyük dönüş nöqtəsi olub".

Yusif Bağırzadənin sözlərinə görə, o dövrdə Azərbaycanın hər bir sahəsində canlanma başlandı, nəhəng tikinti və quruculuq işləri həyata keçirildi:

" Heydər Əliyev həmçinin Sovetlər İttifaqında yüksək mövqelərə gələndən sonra da hər zaman Azərbaycanı düşünmüş və ölkəmizin bütün sahələrdə inkişafı üçün əlindən gələn köməyi etmişdir.

Ulu öndərin Sovet rejiminin qanlı faciələri ilə bağlı atdığı addım da onun necə bir dövlət adamı olduğunu sübut edir. 1990-cı ilin 21 yanvarında həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verən və Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Sovet rejiminin imperiya siyasətini sərt şəkildə tənqid edən Heydər Əliyev Azərbaycan qayıtdıqdan sonra Naxçıvanın müdafiəsini təmin etməyi bacarmış və xalqın iradəsi ilə bu bölgədəki siyasi böhranı aradan qaldırmağa müvəffəq olmuşdur".

Yusif Bağırzadə onu da qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dönəmdə yaşanan çətinliklər, dövlətin parçalanma təhlükəsi, siyasi qeyri-sabitlik Ulu Öndərin ölkə rəhbərliyinə qayıtmasını zəruri etmişdir:

"1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər, ölkəni çətin vəziyyətdən çıxarmağa nail olmuş, Qarabağ müharibəsini dayandıraraq atəşkəsi təmin etmişdir. Ardıcıl və pronsipial addımları ilə Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxarmağı bacaran Heydər Əliyev 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli bir addım atdı. Heydər Əliyev bu müqavilə ilə Azərbaycanın neft sənayesinə xarici sərmayələrin axınını təmin etdi və ölkənin iqtisadiyyatını bərpa etməyi bacardı. Məhz həmin dövrdə Ulu Öndər tərəfindən atılan addımlar Azərbaycanın uzunmüddətli inkişafı və tərəqqisi üçün zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətin və xalqın rifahı üçün göstərdiyi xidmətlər əvəzsizdir. Onun ölkəmiz üçün yaratdığı zəngin siyasi irs, indiki dövrdə Azərbaycanın inkişafının və güclənməsinin əsasıdır. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin xidmətlərinə minnətdar olacaq, onun siyasi məktəbi gələcək nəsillər üçün örnək olmağa davam edəcəkdir".

Süleyman
Chosen
14
1
newscenter.az

2Sources