Ağ Ev Moskva və Pekinlə denuklearizasiya barədə danışıqlar apardıqlarını bildirir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun həm Rusiya, həm də Çinlə nüvə silahlarının azaldılması və geniş mənada denuklearizasiya məsələləri üzrə danışıqlar apardığını açıqlayıb. Trampın sözlərinə görə, prosesdə iştirak edən üç dövlət də nüvə arsenalının məhdudlaşdırılmasında maraqlıdır.
“Çinlə danışdığım mövzulardan biri denuklearizasiyadır… Mən nüvə silahlarından danışıram. Bu barədə Çinlə danışmışam, Rusiya ilə də danışmışam. Məncə, bu, bizim istədiyimiz bir şeydir, eləcə də onların da istədiyi bir şeydir və düşünürəm ki, Rusiya da bunu etmək istəyir”, deyə Tramp jurnalistlərə bildirib.
Jurnalistlərin Rusiyanın yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinə (DSNV) hazır olmadığını əvvəlcədən bildirdiyi haqda sualına cavab olaraq Tramp deyib: “Onların sizə dedikləri, mənə dediklərindən fərqlənir”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabr ayında bəyan etmişdi ki, Moskva DSNV-nin müddəti 2026-cı il 5 fevralda başa çatandan sonra da bir il müddətinə müqavilənin əsas parametrlərinə sadiq qala bilər. Bu, 700 yerləşdirilmiş daşıyıcı, 1550 nüvə başlığı və 800 yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğusu limitlərinin qorunması deməkdir. Putinin sözlərinə görə, bu yanaşma silahlanma yarışının qarşısını almağa və qlobal təhlükəsizlik mühitində müəyyən proqnozlaşdırıla bilmə halı yaratmağa kömək edə bilər. Bununla belə, o, mövcud beynəlxalq şərait nəzərə alınmaqla yeni müqavilənin bağlanmasının mümkün olmadığını vurğulayıb.
Poliqon.info