EN

Katib: İİB-in iclaslarını Azərbaycanda keçirməsi ərzaq təhlükəsizliyi gündəliyini ən yüksək səviyyəyə qaldırmaq imkanları yaradır

Bakı, 11 dekabr, AZƏRTAC

Ukraynada davam edən münaqişə qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərib. Hazırda ərzaq təhlükəsizliyi mənzərəsində vəziyyət necədir və Azərbaycan bu çətinliklərin aradan qaldırılmasında hansı rolu oynaya bilər?

Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüsün katibi Conrad Rein AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, bir il əvvəl Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının səhralaşma ilə mübarizə üzrə konfransında yaradılan Qlobal Ərzaq Təhlükəsizliyi Təşəbbüsü bu gün 90-dan çox ölkəni bir araya gətirir.

“Təşəbbüsün əsas prinsipi geosiyasətdən kənarda qalmaqdır. Bu, ərzaq təhlükəsizliyi sahəsində dünyada yeganə platformadır ki, 6 Körfəz ölkəsini, Çin, Hindistan, Braziliya, Avropa Komissiyasını, bir çox Avropa hökumətlərini, Latın Amerikası ölkələrini və Birləşmiş Ştatlardan nümayəndələri bir araya gətirə bilir. Məqsədimiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ərzaq təhlükəsizliyi hədəflərinə fokuslanmaq və siyasi təsirləri kənara qoymaqdır.

Azərbaycanın rolu isə çox önəmlidir. Qlobal təşəbbüs Çikaqo Universitetinin İqlim Dəyişikliyi, Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatı üzrə İnnovasiya Komissiyası və Ərəb Koordinasiya Qrupu tərəfdaşlığından formalaşıb. İslam İnkişaf Bankı (İİB) da təşəbbüsün üzvüdür və növbəti il illik iclaslarını Azərbaycanda keçirəcək. Bu, Azərbaycana ərzaq təhlükəsizliyi gündəliyini ən yüksək səviyyəyə qaldırmaq imkanları yaradır. Təşəbbüsün BMT Baş katibinin müavini Əminə Məhəmməd və Afrika İnkişaf Bankının prezidenti Dr. Çarlz Diutah tərəfindən dəstəklənməsi təşəbbüsün qlobal nüfuzunu daha da artırır. Biz Azərbaycanı bu dinamikanı gücləndirməyə və ölkədə konkret layihələrin icrası ilə təşəbbüsün təsirini daha da artırmağa təşviq edirik”, - deyə C.Rein qeyd edib.

Chosen
71
2
azertag.az

3Sources