EN

Kərim Şəkuri: Korroziyaya qarşı xidmət göstərən şirkətlərə neft ölkələrində daha çox ehtiyac duyulur

Bakı, 11 dekabr, AZƏRTAC

Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisinin (AICC CASPIAN 2025) Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan neft istehsal və ixrac edən ölkə olduğuna görə bu tədbirdə iştirak edən şirkətlərin xidmətinə ehtiyac var.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Caspian Technical Solution” şirkətinin direktoru Kərim Şəkuri deyib.

Onun sözlərinə görə, korroziyaya qarşı xidmət göstərən şirkətlərə neft ölkələrində daha çox ehtiyac olur.

“Azərbaycanda iri neft və qaz emalı zavodları, dənizdə platformalar, neft-qaz nəql edən boru xətləri, dəyəri milyonlarla ölçülən avadanlıqlar var ki, bunların da korroziyadan qorunması, ömrünün uzadılması əhəmiyyətlidir, iqtisadi zəhətdən səmərəlidir. Bizim şirkət çənlərdə, platformalarda, boru xətlərində, zavodlardakı avadanlıqlarda korroziya nəticəsində zədələnmiş hissələri müəyyən edir və tövsiyə verir. Məsələn, yeni texnologiyalardan istifadə edərək 15 millimetrlik borunun korroziyaya məruz qalaraq 10 millimetrə kimi nazikləşdiyini müəyyən edirik və həmin hissənin dəyişdirilməsini məsləhət görürük. Bütün bu proseslər LRUT, PANT, TOFD avadanlıqları ilə həyata keçirilir.

Biz Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda korroziyaya uğrayan avadanlıqların bəzi hissələrinin dəyişməsini tövsiyə ermişik. Platformalardakı təzyiq altında olan çənləri nəzarətdə saxlayırıq. Həmçinin COP29-un keçirilməsi üçün tikilən məkanın dəmir konstruksiyaları da yoxlandıqdan sonra istismarına icazə verdik. Bununla yanaşı, Bakıda “Cavanşir” körpüsünün yoxalanılıb rəy verilməsi barədə sifariş aldıqdan sonra, müasir avadanlıqlarla mühəndislər körpünün dirəklərini və betonunu diaqnostika etdilər. Müəyyən olundu ki, beton dirəklərin daxilindəki armaturlar korroziyaya uğrayıb və təhlükə yaranıb. Məhz şirkətimizin rəyindən sonra körpünün sökülməsinə qərar verildi”, - deyə direktor vurğulayıb.

Şirkət rəhbəri onu da əlavə edib ki, bəzən yeraltı boruların və dənizin dibindəki platforma dirəklərinin yoxlanılmasında çətinliklər yarananda xarici tərəfdaşlarımızı işə cəlb edirik: “Bununla yanaşı Azərbaycandan olan mütəxəssisləri bu tipli işə daha çox cəlb edirik və onları əsasən Böyük Britaniyaya sahə üzrə ixtisaslaşmağa göndəririk”.

Chosen
35
azertag.az

1Sources