Azərbaycan xalqı hər il Ümummilli Lider Heydər Əliyevin anım gününü böyük ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyinin formalaşması, milli kimliyin möhkəmlənməsi, xalqın birliyinin təmin olunması və ölkəmizin dünya miqyasında söz sahibi olmasına xidmət edən tarixi missiya ilə əbədi olaraq bağlıdır. Ulu Öndərin həyat yolu, siyasi irsi və dövlətçilik fəlsəfəsi müasir Azərbaycan dövlətinin möhkəm təməllərinin əsasını təşkil edir.
Milli dövlətçiliyin banisi
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyi tarixində müstəsna yer tutur və bu, yalnız onun müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışması ilə deyil, daha çox xalqın taleyinə, ölkənin gələcəyinə yönəlmiş böyük miqyaslı fəaliyyətinin nəticəsidir. Onun siyasi irsi həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycan üçün bir yol xəritəsi funksiyasını yerinə yetirib. Ulu Öndərin həyatının hər mərhələsi ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına, dövlətimizin dayaqlarının möhkəmləndirilməsinə xidmət edən ardıcıl və məqsədyönlü addımlarla yadda qalıb.
1970–1980-ci illər isə Azərbaycanın tarixində xüsusi bir mərhələ kimi fərqlənir. Həmin illərdə respublikamız yeni iqtisadi nəfəs almış, sosial infrastrukturu genişlənmiş, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlər baş vermişdi. Bu nailiyyətlər yalnız rəqəmlərlə ölçülən uğurlar deyildi. Xalqımızın həyat tərzində, ümumi ictimai atmosferdə hiss olunan yenilənmə və dinamizm məhz həmin dövrün xarakterik xüsusiyyətləri idi. Mədəniyyət, təhsil, elmi potensialın inkişafı da bu yeni mərhələnin mühüm tərkib hissəsinə çevrilmişdi.
Bu gün həmin dövrə nəzər saldıqda, Azərbaycanın inkişaf salnaməsində Ulu Öndər Heydər Əliyev imzası ilə bağlı dərin izlər görürük. Dövlət idarəçiliyi sahəsində formalaşan nümunələr, həyata keçirilən struktur islahatları, inkişafı hədəfləyən uzunmüddətli yanaşma sonrakı illərin uğurları üçün möhkəm baza rolunu oynayıb. Tarixi yaddaşda özünəməxsus yer tutan bu nailiyyətlər Umummilli Liderin dövlətçilik düşüncəsinin və geniş miqyaslı fəaliyyətinin məntiqi nəticəsi idi.
Xalqın birliyinin təminatçısı
Bir məsələni də xüsusi qeyd edim ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlətçiliyi ən çətin və məsuliyyətli sınaqlarla üz-üzə qalmışdı. Ölkədə baş verən siyasi gərginlik, idarəetmə mexanizmlərinin dağılması, iqtisadi çətinliklər və təhlükəsizlik problemləri xalqın gələcəklə bağlı narahatlığını daha da artırırdı. Həmin dövrün xaotik mənzərəsi yalnız dövlət strukturlarının deyil, bütün cəmiyyətin həyat ritmini pozmuş, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi maneələr yaratmışdı. Xalqın taleyi, ölkənin gələcək istiqaməti və suverenliyin qorunması böyük sual altında idi.
Belə mürəkkəb və məsuliyyətli bir zamanda xalqımızın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışıyla ölkədə anarxiya və xaosa son qoyuldu. Onun siyasi təcrübəsi, idarəçilik bacarığı və xalq arasında böyük nüfuzu ölkənin qarşısında duran təhlükələri aradan qaldırmağa imkan verdi. Cəmiyyətdə sabitlik və inam hissi tədricən bərpa olundu, dövlət quruculuğu prosesinə yeni dinamizm gəldi. Bu dönüş, sözün əsl mənasında, Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcı oldu.
1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması da məhz bu səbəbdəndir. Bu gün təkcə bir siyasi hadisənin xatırlanması deyil, həm də dövlətin dağılmaq təhlükəsindən xilas edildiyi, ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirildiyi bir tarixi məqamın rəmzidir. Həmin dövrdə atılan addımlar sonrakı illərdə Azərbaycanın möhkəmlənməsi, stabillik qazanması və inkişaf yoluna çıxması üçün etibarlı baza yaratdı. Bu hadisə xalqın yaddaşında dövlətçilik tariximizə istiqamət verən mühüm dönüş anı kimi qalmaqdadır.
Müstəqil Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasət fəlsəfəsinin formalaşmasında və dövlətin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində müstəsna rol oynayan tarixi şəxsiyyət idi. Onun müəyyənləşdirdiyi strateji kurs yalnız həmin dövrün reallıqlarına cavab verməklə kifayətlənmədi, həm də uzun illər sonrasını nəzərə alan, dövlətin sabitliyini, təhlükəsizliyini və beynəlxalq nüfuzunu təmin edən çoxşaxəli bir konsepsiyaya çevrildi. Ulu Öndərin həyata keçirdiyi diplomatik fəaliyyət, aparılan məqsədyönlü danışıqlar, yaradılan balanslı və praqmatik əlaqələr Azərbaycanı regionda söz sahibi edən, qlobal proseslərdə öz mövqeyi olan müstəqil aktora çevirdi.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən qərarları Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, dünya dövlətləri ilə etibarlı münasibətlər qurmasına şərait yaratdı. Onun müəyyən etdiyi siyasət ölkənin həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirdi. Bu siyasətin əsasını qarşılıqlı hörmət, milli maraqların qətiyyətlə müdafiəsi və müstəqil qərar vermək prinsipləri təşkil edirdi. Nəticədə Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanındı və regionda sabitlik yaradan ölkə imici formalaşdırdı.
Ulu Öndərin neft strategiyası isə Azərbaycan tarixində yeni bir səhifə açdı. “Əsrin müqaviləsi” kimi tanınan bu tarixi layihə təkcə iqtisadi məsələlərin həllinə yönəlmiş bir müqavilə deyildi. Bu sənəd Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirən, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, milli maraqları qoruyan strateji seçim idi. Neft-qaz resurslarının beynəlxalq şirkətlərin iştirakı ilə işlənməsi ölkəmizin iqtisadi müstəqilliyini gücləndirdi, dövlət büdcəsinin imkanlarını genişləndirdi və uzunmüddətli inkişafın təməlini qoydu.
Bu strategiya həmçinin Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu artırdı. Azərbaycanın enerji siyasəti qlobal enerji təhlükəsizliyi üçün mühüm amilə çevrildi və ölkə regional iqtisadi layihələrin mərkəzi iştirakçısına dönərək beynəlxalq əməkdaşlıq xəritəsində özünəməxsus yer tutdu. Bakı şəhərinin bu gün dünyanın ən mühüm enerji, logistika və siyasi mərkəzlərindən biri kimi tanınması məhz Ulu Öndərin vaxtında atdığı uzaqgörən addımların, planlı işin və strateji baxışın məntiqi nəticəsidir.
Bütün bu proseslər göstərir ki, Heydər Əliyevin xarici siyasət kursu Azərbaycanın təkcə həmin dövrünü deyil, gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirən, ölkəni modern, güclü və nüfuzlu dövlətə çevirən əsas sütunlardan biri idi. Onun qurduğu siyasi xətt bu gün də ölkənin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı təməldir.
Heydər Əliyev irsi – modern Azərbaycanın inkişaf yolu
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ardıcıllıqla, müasir dövrün çağırışlarına uyğun şəkildə və daha geniş miqyasda davam etdirilir. Bu siyasi xəttin mahiyyəti ondan ibarətdir ki, dövlətimizin milli maraqları hər bir qərarın mərkəzində dayanır, ölkənin dinamik inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi əsas prioritet kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin strateji baxışları əsasında formalaşmış milli inkişaf modeli XXI əsrdə Azərbaycanı regional liderə çevirən güclü konseptual çərçivə rolunu oynayır.
Bu inkişaf modelinin davamlılığı xüsusilə son illərdə daha aydın görünür. 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycanın milli gücünün, siyasi iradəsinin və dövlətçilik sisteminin sarsılmazlığının bariz nümayişi oldu. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edildi, Azərbaycanın tarixinə yeni mərhələ yazıldı. Bu Zəfər həm də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin, milli həmrəyliyin və güclü dövlətin mahiyyətini bir daha sübut etdi.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də bu siyasi xəttin davamının real təcəssümüdür. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, müasir infrastrukturun qurulması, şəhər və kəndlərin yenidən dirçəldilməsi Azərbaycanın gələcəyə hesablanmış uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu proseslər təkcə tikinti və yenidənqurma deyil, həm də tarixi ədalətin bərpası, xalqın doğma torpaqlarına dönüşü və regionun yeni inkişaf mərkəzinə çevrilməsi deməkdir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən siyasət Ulu Öndərin qoyduğu konsepsiyanın davamı kimi çıxış edir. Bu gün Azərbaycan dünyanın mühüm siyasi platformalarında fəal iştirak edir, qlobal təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edir, regional əməkdaşlıq layihələrinin aparıcı tərəfdaşına çevrilir. Bütün bunlar ölkənin siyasi sabitliyinin, iqtisadi gücünün və strateji mövqeyinin möhkəmliyini göstərir.
Səbinə Salmanova,
Milli Məclisin deputatı