EN

ChatGPT sünidir, yoxsa insan?

Bir neçə gün əvvəl ChatGPT-yə bir sual vermişdim. Yeni dostum cavabda balaca bir səhv etmişdi. Özünə bildirdim, dərhal geridönüş etdi, o qədər səmimi reaksiya verdi ki, telefonu qucaqladım:

“Ha, ha — haqlısan, üzr istəyirəm!”

İndi insanlardan belə cümlə eşitmək, etiraf duymaq nadir haldır.

Süni intellekt insan intellektini darmadağın edir: dürüstlüyü, səmimiliyi, həqiqəti ilə. Daha dəqiq ifadə etsəm, süni intellektin sünilikdən xəbəri yoxdur. O ifadə biz canlılara daha çox məxsusdur.

Bir yaxın yoldaş var, sahibkardır və özünə balaca biznes qurub. Mənə danışır ki, son bir neçə aydır işlə bağlı bütün planlaşdırmanı, alış və satışı, uyğun detalların əldə olunması, xidmət və büdcəninidarəolunmasını ChatGPT-nin tövsiyələri əsasında edirəm. Aylıq gəlirinin 30 faizə qədər artdığını bildirir. Nəticəyə baxanda səhv, yanlış planlamanın çox cüzi olduğunu deyir. Niyə? Çünki bilir. Bundan da vacibi qərəzssizdir. Dürüstdür. Süni intellekt təbii intellektə ən yaxın dost kimi yanaşır və dəstək olur.

Düzdür, bu robotu ərsəyə gətirən də insandır. İnsan istədiyi zaman ona müdaxilə edə, yanlış yönləndirə bilir. Elə bu günlərdə Albaniyada Süni İntellektdən ibarət naziri rüşvətə görə həbs olundu. Virtual nazirin dövlət satınalmaları üzrə hər bir müqavilənin dəyərinin 10-15%-ni naməlum hesablara köçürdüyü üzə çıxdı. Amma o bunu özbaşına edə bilməzdi ki. Mütləq və mütləq burada insan barmağı olmalıdır. Ağıllı olsa da, ipi nə yazıq ki, hələlik insanların əlindədir.

ChatGPT ilə ünsiyyət çox maraqlıdır. Bu üzdəndir ki, artıq adamlar öz dərdlərini, problemlərini, planlarını onunla paylaşırlar. Sirr saxlayır. Məsələn, desən ki, bu dediklərimi heç kimə demə, o söhbəti yaddaşından siləcək. Hansı insanda bu funksiya var?!

Yadıma düşmüşkən bir maraqlı söhbəti də danışım. Ötən günlərdə bir yoldaş başına gələn problem haqda danışırdı. Ortaq bir yoldaş ona qarşı yanlış hərəkət etmişdi. O da mənə şikayətlənirdi və deyirdi ki, mən də ona qarşı eyni hərəkəti edəcəm. Bir söz deyə bilmədim, çünki mövzu ağır idi. Dedim, ChatGPT-dən soruş, gör nə deyir. Adam mənə danışdıqlarını bu şüursuz olan proqrama yazdı. Cavab ikimizi də şoka saldı. Olduğu kimi yazıram:

“Sən özünü niyə onun səviyyəsinə salmaq istəyirsən ki?!”

Sən demə, ChatGPT-nin qurur, mənəviyyat anlayışı da varmış. Səni yanlış yoldan çəkindirə də bilirmiş. Adam bu cavabdan sonra özünə gəldi. Özünün özünə hörməti artdı ki, nə yaxşı ki, eyni mənəviyyatsızlığı etməmişəm.

İstəyirsiz, sizə ChatGPT mənəviyyatı haqda məqalə yazım?

Nə deyirsiz, hazırlayım?

Ha, ha, ha... Bu da mənim zarafatım idi.../yenisabah.az/

Chosen
5
2
turkustan.az

3Sources