EN

Azərbaycan-Slovakiya əlaqələri bütövlükdə regional tərəqqiyə töhfə verən mühüm platformaya çevrilir - RƏY

Bakı, 9 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş ardıcıl siyasət yürüdən dövlət kimi böyük nüfuz qazanıb. Azərbaycan hər bir tərəfdaş ölkə ilə qarşılıqlı faydaya, bərabərhüquqluluğa və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət verir. Qarşılıqlı səfərlərin intensivliyi, imzalanan sənədlərin həcmi və müxtəlifliyi əlaqələrin dərinliyini əks etdirir. İkitərəfli səviyyədə strateji tərəfdaşlıq əlaqələrinin qurulduğu ölkələrin sayı ildən-ilə artır ki, bu da Azərbaycanın etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi beynəlxalq nüfuzunu daha da gücləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat qeyd edib ki, ikitərəfli əməkdaşlıq yalnız siyasi sferanı deyil, enerji, nəqliyyat, müdafiə sənayesi, ticarət, investisiya, humanitar mübadilə və mədəni əlaqələri əhatə edən çoxşaxəli əməkdaşlıq gündəliyi ilə müşayiət olunur.

Azərbaycanın Avropa məkanında etibarlı tərəfdaş kimi güclü mövqeyə malik olduğunu söyləyən Mircəlil Qasımlı deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərinin şaxələndirilməsi və məzmun baxımından dərinləşdirilməsi istiqamətində mühüm hadisədir. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzandı. Bu sənəd iki ölkə arasında münasibətlərdə yeni mərhələ açdı. Azərbaycan Prezidentinin mətbuata bəyanatında da qeyd etdiyi kimi sənədin imzalanmasından ötən müddətdə bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq müşahidə olunur”.

Deputat ötən ilin sonlarından etibarən Slovakiyaya Azərbaycan qazının tədarük olunduğunu xatırladaraq bildirib ki, bu gün 8-i Avropa İttifaqına üzv dövlət olmaqla, ümumilikdə 14 ölkə Azərbaycan qazı ilə təchiz olunur. Təbii ki, bu dövlətimizin başçısının uğurlu enerji siyasətinin bariz təzahürüdür. Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin tərəfdaşlarla birgə uğurla icrası bu gün beynəlxalq mövqelərimizin güclənməsində, dayanıqlı inkişafımızın təmin olunmasında müstəsna rola malikdir.

Azərbaycan ilə Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edən Mircəlil Qasımlı deyib: “Azərbaycan Prezidenti mətbuata bəyanatında bu məsələyə diqqət çəkərək bildirdi ki, Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Müdafiə sənayesinin inkişafına böyük önəm verən Azərbaycanın geniş istehsal sahələri, ixrac potensialı var. Vətən müharibəsində və antiterror əməliyyatlarında ölkəmizin istehsalı olan hərbi texnikalardan, silah-sursatdan da geniş istifadə olundu. Müasir müdafiə sənayemiz Zəfərlərimizə böyük töhfə verdi. Slovakiya hərbi sənaye sahəsində böyük təcrübəyə malikdir, xüsusilə zirehli texnika, atıcı silahlar, rabitə sistemləri, pilotsuz uçuş aparatları üzrə ixtisaslaşıb. Bu xüsusda, dost Slovakiya ilə müdafiə sənayesi sahəsində birgə istehsal müəssisələrinin yaradılması strateji tərəfdaşlığımızın dərinləşməsinə töhfə verə bilər”.

O bildirib ki, Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu, o cümlədən Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, genişlənmiş dəmir yolu şəbəkəsi, müasir avtomobil yolları ölkəmizi Orta Dəhlizin ən funksional və strateji mərkəzinə çevirir. Təbii ki, bu istiqamətdə Avropa ölkələri, eləcə də Slovakiya ilə əməkdaşlıq ölkələrimiz üçün faydalı ola bilər. Bir sözlə, Azərbaycan–Slovakiya əməkdaşlığının Orta Dəhliz kontekstində genişləndirilməsi yalnız ikitərəfli iqtisadi əlaqələr baxımından deyil, bütövlükdə Avrasiya üzrə daha səmərəli, təhlükəsiz və rəqabətədavamlı logistika sisteminin formalaşmasına mühüm töhfə verə bilər.

“Yüksəksəviyyəli qarşılıqlı səfərlər, əldə olunan nəticələr, dinamik artım tempi göstərir ki, dostluğa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Slovakiya əlaqələri yalnız ölkələrimizin inkişafına deyil, bütövlükdə regional tərəqqiyə töhfə verən mühüm platformaya çevrilir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Chosen
17
azertag.az

1Sources