EN

Azərbaycan regionda yeni əməkdaşlıq modeli yaradır

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi sülh siyasəti Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırmaqla yanaşı, regionun təhlükəsizliyi, iqtisadi inteqrasiyası və sosial sabitliyi üçün geniş imkanlar açmışdır. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində əldə olunmuş Zəfər ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə yanaşı, ümumilikdə region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmış, eyni zamanda bölgədə uzunmüddətli sülhün təmin olunması üçün diplomatik təşəbbüslərin zəruriliyini ortaya qoymuşdur. 

Bu təşəbbüslər yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır, bu həm də beynəlxalq hüquqa, regional əməkdaşlıq prinsiplərinə və davamlı inkişaf perspektivlərinə söykənir. Prezident İlham Əliyevin sülh təşəbbüsü region üçün yeni diplomatik strategiyanın əsasını qoymuş, Azərbaycanın beynəlxalq səviyyədə konstruktiv və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. 

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətninin hazırlanmasında baza təşkil edən Azərbaycanın irəli sürdüyü beş prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı kimi müddəaları ehtiva edir. Bu prinsiplər öz növbəsində Azərbaycanın sülh və qarşılıqlı hörmət əsasında dövlətlərarası əməkdaşlığın və ümumilikdə regionun sülh və sabitlik şəraitində inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirir. Paraflanmış sülh sazişinin, nəhayət, imzalanması regionun gələcəyini müəyyən edəcək əsas hadisələrdən biri olacaq. Bu saziş ədalətli, beynəlxalq hüquqa əsaslanan, tərəflərin suverenliyinə hörmət edən və uzunmüddətli inkişaf üçün əlverişli şərait yaradan bir çərçivə sənədidir. Azərbaycan bu sazişin mətninin hazırlanmasında prinsipial mövqe nümayiş etdirmiş və bu mövqenin əsasında milli maraqlar, regional sabitlik və beynəlxalq hüququn norma və prinsipləri dayanır. Ermənistanın bu reallığı qəbul etməsi və sülh prosesinə qoşulması həm özünün, həm də regionun gələcəyi üçün vacibdir. 

Hazırda sülh sazişinin imzalanması yolunda yeganə maneə Ermənistan konstitusiyasının preambulasında istinad olunan bu ölkənin müstəqillik bəyannaməsidir ki, həmin aktda da Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Ümid edirik ki, Ermənistan hökuməti və cəmiyyəti öz dövlətlərinin gələcək inkişafı və təhlükəsizliyi naminə konstitusiyalarında müvafiq dəyişiklik edilməsini dəstəkləyəcəklər və nəhayət, iki ölkə arasında sülh sazişinin imzalanması mümkün olacaq.

Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin beynəlxalq hüquqa, ədalətə və milli maraqlara söykənən ardıcıl, aydın və prinsipial mövqeyi sülh və normallaşma prosesində mühüm rol oynamış və bu yanaşma beynəlxalq tərəfdaşlar tərəfindən konstruktiv və realist siyasət kimi qiymətləndirilmişdir. Azərbaycanın təşəbbüsləri yalnız Ermənistan üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır və Cənubi Qafqazın uzunmüddətli inkişaf perspektivini müəyyən edir. Bu xüsusda ABŞ Prezidenti Donald Trampın səyləri və dəstəyi ilə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilmiş üçtərəfli sammit çərçivəsində əldə olunmuş razılaşmalar regionumuzun  siyasi-diplomatik, ticari-iqtisadi və nəqliyyat-kommunikasiya arxitekturasında yeni və tarixi əhəmiyyətli inkluziv bir mərhələnin başlanğıcı hesab edilə bilər. Eyni zamanda bu sammit Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sürətləndirilməsi üçün münbit şərait yaratmışdır. Vaşinqton sammiti göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, eyni zamanda regionun təhlükəsizliyini və inkişafını təmin etmək üçün fəal diplomatik addımlar atır. Sammit həmçinin beynəlxalq ictimaiyyətin normallaşma prosesinə marağını və dəstəyini, habelə sülhə yönəlik real iradə ortaya qoyulmasının zəruriliyini nümayiş etdirdi.

Azərbaycanın sülh təşəbbüsləri təkcə siyasi-hüquqi normaların müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bu təşəbbüslər həm də regionun iqtisadi xəritəsinin yenilənməsi, inteqrasiya layihələrinin genişləndirilməsi və yeni nəqliyyat-kommunikasiya bağlantılarının qurulması baxımından geniş perspektivlər yaradır. Cənubi Qafqaz qitələrarası nəqliyyat yollarının kəsişməsində yerləşən mühüm regiondur və xüsusi olaraq vurğulanmalıdır ki, bu bölgənin aparıcı və lider dövləti olan Azərbaycan son illər ərzində qlobal logistika xəritəsində strateji tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi", Trans-Xəzər marşrutu, Orta dəhliz kimi irimiqyaslı layihələr Azərbaycanın regiondakı rolunu gücləndirmiş, ölkəmizi enerji və nəqliyyat bağlantılarının etibarlı mərkəzinə çevirmişdir. Ermənistanla sülhün təmin olunması bu layihələrin daha da genişlənməsinə, regionun bütövlükdə Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyasına, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verəcəkdir. Bu genişlənmə təkcə Azərbaycan üçün deyil, Ermənistan, Gürcüstan, Türkiyə, hətta İran və Mərkəzi Asiya ölkələri üçün də əlavə iqtisadi üstünlüklər yaradacaq, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat qovşağında yerləşən Cənubi Qafqazı beynəlxalq ticarətin daha mühüm halqasına çevirəcək. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, beynəlxalq oyunçularla qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan səmərəli əməkdaşlıq qurmaq bacarığı proseslərin bu şəkildə inkişafında əvəzsiz rol oynamışdır.

Sülh prosesinin davamlılığı üçün etimad quruculuğu tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Etimad olmadan heç bir beynəlxalq saziş uzunömürlü ola bilməz. Bu addımlar həm gərginliyin azalmasına, həm də sülhün ictimai əsasının formalaşmasına xidmət edir. Sülhün yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də qəbul olunması və dəstəklənməsi vacibdir və Azərbaycan bunu nəzərə alaraq,  bütün müstəvilərdə konstruktiv mövqe sərgiləyir. İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvan və Bakıda baş tutmuş təmasları və müzakirələri də məhz bu məqsədlərə xidmət edən tədbirlərdəndir. 

Bütün bunlarla yanaşı, unutmamalıyıq ki, Ermənistan daxilində revanşist qruplar, radikal siyasi və dini dairələr, erməni diasporu və regionumuzu münaqişələr vasitəsilə idarə etməkdə maraqlı olan xarici qüvvələr bu kövrək prosesi pozmağa çalışırlar. Məqsəd isə birdir - regionda yenidən qarşıdurma mühiti yaratmaqla Ermənistanı sülhdən uzaqlaşdırmaq və yeni gərginlik ocaqları formalaşdırmaq. Revanşist ideologiyanın Ermənistan cəmiyyətində yaratdığı təzyiqlər, bu qrupların hökumət siyasətinə təsir göstərmək imkanları normallaşma prosesinə mənfi təsir göstərən faktorlardandır. Beynəlxalq ictimaiyyət bu destruktiv meyillərə tolerant yanaşmamalıdır. Çünki Ermənistan daxilində sülhə mane olan qüvvələrin dəstəklənməsi həm region üçün, həm də qlobal təhlükəsizlik mühiti üçün böyük riskdir. Azərbaycan haqlı olaraq tələb edir ki, beynəlxalq aktorlar Ermənistanın revanşist qüvvələrinin fəallaşmasına şərait yaradan addımlar atmasın, əksinə, regionda sülhün, sabitliyin və təhlükəsziliyin təmin edilməsi üçün daha prinsipial mövqe sərgiləsinlər.

Azərbaycanın sülh siyasətinin mahiyyəti həm də ondan ibarətdir ki, ölkə öz geosiyasi və geoiqtisadi gücünə söykənərək regionda yeni əməkdaşlıq modeli yaradır. Bu model qarşıdurma və hərbi təhdidlər üzərində deyil, qarşılıqlı fayda, təhlükəsizlik, iqtisadi inteqrasiya və səmərəli qonşuluq münasibətləri əsasında qurulur. 

Azərbaycan münaqişədən sonrakı dövrdə sülhün təmin olunması üçün ardıcıl, praqmatik və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdür. Vaşinqton sammiti bu siyasətin beynəlxalq səviyyədə tanındığını, Azərbaycanın təşəbbüslərinin qlobal dəstək qazandığını və regionda sülhün reallaşması üçün yeni imkanlar açıldığını təsdiq edir. Ölkəmizin siyasi-diplomatik fəaliyyəti, sülh təşəbbüsləri, iqtisadi və nəqliyyat layihələri, həmçinin regional əməkdaşlıq vizyonu Cənubi Qafqazı qarşıdurma regionundan əməkdaşlıq regionuna çevirə biləcək potensiala malikdir. Prezident İlham Əliyevin mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla ölkəmizi regionun aparıcı siyasi-iqtisadi aktoruna çevirmişdir. İnanırıq ki, istər regional, istərsə də qlobal layihələrin reallaşmasına mühüm töhfə verən dövlətimizin sülh təşəbbüsləri Cənubi Qafqazın daha təhlükəsiz, sabit və inkişaf edən bölgəyə çevrilməsini mümkün edəcəkdir. 

Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Chosen
80
50
azerbaijan-news.az

10Sources