EN

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.

Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.

Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.

Chosen
40
9
aznews.az

10Sources