EN

Sürücü piyadanın üzərinə palçıq sıçradarsa… – Bunları bilməyiniz VACİBDİR

Yağışlı havalarda yollarda yaranan su və palçıq gölməçələri sürücülər üçün adi mənzərə sayılsa da, piyadalar üçün bəzən xoşagəlməz və narahat vəziyyət yaradır. Avtomobilin sürətlə hərəkəti nəticəsində palçığın insanların üstünə sıçraması təkcə etik deyil, həm də hüquqi məsuliyyət doğuran haldır.

Bəs bu hallar qanunla necə nizamlanır? Piyadalar belə vəziyyətlərdə hansı addımları atmalıdırlar?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bu problem təkcə sürücülərin davranışı ilə bağlı deyil, həm də yol infrastrukturunun keyfiyyətindən qaynaqlanır. Onun sözlərinə görə, bir çox küçələrdə yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlər normal çalışmadığı üçün gölməçələr yaranır və bu da sürücülərin manevr imkanlarını məhdudlaşdırır: “Sürücü bəzən gölməçənin içindən keçməmək üçün alternativ yol tapa bilmir. Amma bu, sürücüyə məsuliyyətdən azad etmir – sürət rejimini aşağı salmalı və piyadaları nəzərə almalıdır. Hər iki halda, həm yol infrastrukturu təkmilləşdirilməli, həm də sürücülər yağışlı havalarda daha məsuliyyətli davranmalıdır. Əks halda, bu cür halların qarşısını almaq mümkün olmayacaq və hər yağışlı gündə piyadalar eyni narahatlıqla üzləşməli olacaqlar.”

Hüquqşünas Əkrəm Həsənov isə saytımıza bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə, sürücünün su və ya palçığı qəstən və ya ehtiyatsızlıqdan piyadalara, nəqliyyat vasitələrinə və ya binalara sıçratması 40 manat məbləğində cərimə ilə nəticələnə bilər. Məcəllədə göstərilən 40 manatlıq cərimə kifayət qədər aydın şəkildə tətbiq olunur və sübut üçün əsas vasitə video qeydlərdir. Onun fikrincə, bu hal qəstən olmasa belə, ehtiyatsızlıq inzibati məsuliyyət üçün yetərli sayılır: “Əgər sürücü yağışlı havada sürəti azaltmırsa və su sıçramasına səbəb olursa, bu artıq ehtiyatsızlıq kimi qiymətləndirilir və cərimə tətbiq edilir. Zərərçəkən şəxs mobil telefonla faktı qeydə alıb şikayət verə bilər. Yol polisi bu halda araşdırma aparır və sürücüyə inzibati protokol tərtib olunur.”

Chosen
28
nocomment.az

1Sources